13:20
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb liderləri və diplomatları Ukrayna müharibəsinə görə Kremllə dialoqdan imtina etsələr də, Pekinlə təmaslarına ara verməyiblər, Çinə gedərək həmkarlarıyla müxtəlif mövzuları müzakirə edirlər. Bu dəfə Çinə Böyük Britaniya xarici işlər naziri Devid Lemmi səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Lemmi Pekində Çin xarici işlər naziri Van Yi ilə görüşüb:

“İki ölkə arasında dialoq bir müddət dondurulmuşdu. Britaniyanın keçmiş müstəmləkəsi olan Honq-Konqda vətəndaş azadlıqlarının məhdudlaşdırılmasına etiraz edən London yenidən Pekinlə əlaqələri bərpa etmək qərarına gəlib.

Lemmi Pekindəki görüşlərdə iki ölkə arasında fikir ayrılıqlarını etiraf etməklə yanaşı, Londonla Pekinin qlobal yaşıl enerjiyə keçid və iqtisadi əlaqələrin dərinləşdirilməsi kimi mövzularda ortaq maraqlarının olduğunu da bildirib. Təsadüfi deyil ki, ingilis nazir Çində çalışan britaniyalı iş adamları ilə də görüşüb.

Buna baxmayaraq, Britaniya digər Qərb ölkələri kimi Çinin Rusiyaya müxtəlif formalarda hərbi dəstəyindən narahatdır. Lemmi Pekindəki görüşlərdə bu narahatlığı dilə gətirib və çinli həmkarını yerli şərkətlərin Rusiya ordusunu təchiz etmələrinin qarşısını almağa çağırıb. Britaniya xarici işlər naziri görüşdüyü çinli rəsmilərə izah etməyə çalışıb ki, Pekinin Rusiyanın hərbi sənaye kompleksinə avadanlıq tədarükü Kremlin müharibəni davam etdirməsinə şərait yaratmaqla yanaşı, Pekinin Avropa ilə əlaqələrinə xələl gətirməsi riskini artırıb. Bu o deməkdir ki, London Vaşinqtonun Çinlə bağlı siyasətinə uyğun addımlar ata bilər”.

Mərkəzin ekspertləri vurğulayır ki, ABŞ daha əvvəl Rusiyaya Ukraynadakı müharibədə istifadə edilən uzaqmənzilli PUA-ların hazırlanmasında kömək etdiklərinə görə iki Çin şirkətinə sanksiya tətbiq edib:

“Çinin Vaşinqtondakı səfirliyi bu iddianın yalan olduğunu bildirsə də, Vaşinqton geri addım atmayıb. Britaniya Çinin həmin iki şirkətinə qarşı eyni addımı atmasa da, London Pekinə xəbərdarlıq mesajını birbaşa çatdırmağa müvəffəq olub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər