Fransa Prezidenti Emmanuel Makronun “Avropa ordusu” ideyası iflasa uğradıqdan sonra NATO fəallığını artırıb. Makronun bir neçə il əvvəl səsləndirdiyi “NATO beyin ölümü keçirib” ifadəsinin də reallıqla əlaqəsi yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, təşkilat üzvlərindən Macarıstanı çıxmaq şərtilə alyans Ukraynanı qorumaq strategiyasını gücləndirib:
“Ukraynaya hərbi texnika göndərən NATO ölkələri Kiyevə Rusiyadakı hərbi hədəfləri vurmağa icazə veriblər.
Hollandiyada yerləşdirilən F-35 təyyarələri də bu aydan NATO-nun nüvə missiyasını həyata keçirəcək. Bu haqda NATO baş katibi Yens Stoltenberq açıqlama verib. NATO-ya üzv dövlətlərinin müdafiə nazirlərinin Brüsseldəki toplantısında nüvə təhlükəsizliyi mövzuları müzakirə olunacaq. Eyni zamanda, ABŞ-nin Avropadakı nüvə silahlarının moderləşdirilməsi də müzakirə olunan mövzulardandır. Buna səbəb Rusiya rəsmilərinin nüvə silahıyla bağlı hədələyici açıqlamalarının sayını artmasıdır”.