“Böyük yeddilər”in sammitində qəbul edilən yekun bəyannamədə demək olar ki, dünyanın əsas problemlərinə toxunulub. Birincisi, G-7 ölkələri Rusiyanın Ukraynaya qarşı müharibədə kimyəvi maddələrdən istifadəsini qınayıblar. İkincisi, Rusiyanın nüvə silahından istifadə edə biləcəyi eyhamlarını tənqid ediblər. Üçüncüsü, G-7 Rusiyanın Ukraynaya 486 milyard dollar təzminat ödəməsi gərəkliyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, yekun bəyanatın əsas hissəsi Rusiya ilə əlaqəlidir:
“Yekun bəyanatda Çini də unutmayıblar. “Böyük yeddilər” Çindən Ukraynada işğalçı müharibəni dayandırması məqsədilə Kremlə təsir etməsini istəyiblər. Bu mövzunu Qərb liderləri dəfələrlə gündəmə gətiriblər. Ancaq nəticə yoxdur. Pekinin Kremlin siyastinə təsir etmək fikri yoxdur.
Eyni zamanda, G-7 hesab edir ki, Qəzzadakı münaqişə Fələstin dövlətinin tanınmasıyla yekunlaşmalıdır. İsrail hökumətinin Fələstinin müstəqilliyini tanımasına hazır olduğuna dair işarə yoxdur. Nəhayət, G-7 ölkələri bildiriblər ki, Parisdə keçiriləcək olimpiada günlərində bütün dövlətlər atəşkəs elan etməlidirlər. Bu istəyin də yerinə yetiriləcəyi problematikdir.
G-7 sammiti müxtəlif mövzuların müzakirəsindən çox ABŞ Prezidenti Co Baydenin növbəti qəribə hərəkəti ilə yadda qaldı. O, liderlərlə ümumi şəkil çəkdirərkən qəfil qrupdan ayrılamağa çalışıb. İtaliya Baş naziri Corciya Meloni naməlum istiqamətə yönələn prezidenti geri qaytarıb. Ümumiyyələ, müşahidəçilər sammitə qatılan 81 yaşlı Baydenin çox yorğun olduğunu vurğulayıblar. Baydenin xəstəliyi hər toplantı və çıxışlarında özünü göstərir. Bu, noyabrda keçiriləcək prezident seçkisində onun reytinqinə mənfi təsir edəcək”.
Təhlildə bildirilir ki, İtaliya ev yiyəsi səlahiyyətindən istifadə edərək, toplantıya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Hindistan Baş naziri Narendra Modini də dəvət edib:
“Hər iki lider fürsətdən istifadə edərək həmkarları ilə fikir mübadiləsi aparıblar. Türkiyə cumhurbaşqanı bu kimi tribunalardan Qəzzadakı müharibəyə son qoymaq ümün istifadə etməyə çalışır. Hindistan G-7 ölkəsi olmasa da, Modi üçüncü dəfədir “Böyük Yeddilər”in toplantısna qatılır. Hindistanın ev yiyəsi İtaliya ilə strateji tərəfdaşlıq münasibətləri var”.