İtaliya Baş naziri Corciya Meloninin xüsusi dəvəti ilə G-7 zirvəsinə qatılan və bundan əvvəl İspaniyada olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın addımları Yunanıstan mətbuatında gərgin müzakirələrin önünü açıb.
Teleqraf.com xəbər verir ki, “Etnos” qəzeti Türkiyə liderinin “Eurofighter Typhoon” döyüş təyyarələrinin alınması üçün ciddi həmlələr etdiyini yazıb.
Nəşrin məlumatına görə, Ərdoğan bu qırıcıların alınması ilə bağlı İspaniya və İtaliya baş nazirləri ilə ikitərəfli görüşlər keçirib: “Türkiyə hava gücü baxımından zəif mövqedə qalmamaq üçün Yunanıstan 2028-ci ildə F-35 döyüş təyyarələri almadan əvvəl 40 “Eurofighter Typhoon” qırıcısı almaq istəyir. Satış Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyadan icazə tələb edir”.
Yunan nəşri nümayəndə heyətinə daxil olan müdafiə sənayesi naziri Haluk Görgünə xüsusilə diqqət çəkib: “Görgünün nümayəndə heyətində olması Avropanın “Eurofighter” və müdafiə sənayesi məsələsinin gündəmin başında olduğuna işarədir”.
“Etnos” qeyd edib ki, “Eurofighter Typhoon” döyüş təyyarəsi “Meteor” raketini görmə məsafəsindən kənara çıxarmağa qadirdir: “Yunanıstanın “Rafale” təyyarəsində istifadə etdiyi “Meteor” 200 km məsafə qət edir. Türkiyə F-16-larla bu diapazonda geri qalır”.
Mənbəyə görə, Türkiyə “Meteor” raketi və “Eurofighter” təyyarəsini almaqla bu istiqamətdə tarazlıq yaratmağı planlaşdırır: “Almaniya maneəsi dəf edilsə, Türkiyə Hərbi Hava Qüvvələri “Eurofighter” təyyarələrinin ilk partiyasının 2026-cı ildə donanmasına qoşulacağını gözləyir”.