Prezident Vladimir Putinin sülh təklifinin rədd edilməsindən sonra Rusiya və Ukrayna xalqının maraqları Odessa və digər şəhərlərin azad edilməsini (işğalını – red.) diktə edir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı keçmiş deputat Viktor Medvedçuk deyib.
“Çox dəqiq ifadə “azad etmək”dir. Rusiyanın təhlükəsizlik maraqları tam demilitarizasiya və denazifikasiyaya nail olmaq üçün neonasist rejimi ilə mübarizə aparmaq üçün əlavə hərbi əməliyyatların aparılması zərurətini diktə edir”, - Medvedçuk Odessa və digər şəhərlərin mümkün işğalını şərh edərkən bildirib.
Siyasətçi Rusiya liderinin təklifinin Ukrayna üçün şans olduğunu söyləyib.
Prezident Putin bundan öncə münaqişənin həlli ilə bağlı Krım, Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərinin “Rusiya ərazisi” statusunda tanınması, Ukraynanın NATO-ya üzvlükdən imtinası və digər şərtləri ehtiva edən sülh təklifləri ilə çıxış edib. Rəsmi Kiyev bunu “qeyri-real” adlandırıb.
Medvedçuka gəlincə, Rusiyaya yaxınlığı ilə seçilən siyasətçi Ukraynada vətən xaini elan edilib. 2022-ci ilin sonunda əsir müqabilində Kiyev tərəfindən Moskvaya təhvil verilib.