Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In eyniadlı sazişə imza ataraq ölkələr arasında hərtərəfli strateji tərəfdaşlığın başlanmasını təsdiqləyiblər.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
İyunun 18-i axşam Putinin İl-96-300 təyyarəsi Pxenyan yaxınlığındakı Sunan hava limanına eniş edib. KXDR-in paytaxtı Rusiya liderinin gəlişi ilə bağlı plakatlar və Rusiya Federasiyasının bayraqları ilə bəzədilib. Rusiya prezidentini şəxsən Kim Çen In qarşılayıb.
Danışıqlar ölkə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə baş tutub. İctimai söhbət Kumsusan iqamətgahında saat yarım davam edib və Rusiya tərəfində xarici işlər naziri Sergey Lavrov, baş nazirin birinci müavini Denis Manturov, prezidentin mətbuat katibi Dmitri Peskov, beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və digər siyasətçilər iştirak ediblər.
Kim Çen Inla tərəfdaşlıq sazişinin imzalanması ilə nəticələnən qapalı danışıqlar başlamazdan əvvəl Putin ölkələr arasında yeni sazişi fundamental adlandırıb.