19 İyun 15:24
3 686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya əsas dəstək verən dövlətlərdən biri Böyük Britaniyadır. Bu ölkənin Baş naziri Rişi Sunak bir müddət əvvəl Kiyevə səfər edərək Ukrayna ilə təhlükəsizlik sahəsində strateji saziş imzaladı. Digər ölkələr də Ukrayna ilə oxşar sazişlər bağlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Sunak keçmiş baş nazir Devid Kemeronu xarici işlər naziri təyin etdikdən sonra Londonun xarici siyasətində fəallıq artıb:

"Kemeron o qənaətdədir ki, ölkəsi iki tərəfdaşı olan ABŞ və Fransadakı mümkün dəyişikliklərə hazır olmalıdır. ABŞ-də Donald Tramp, Fransada Le Penin prezident seçiləcəyi təqdirdə London siyasətini yeni reallıqlara uyğunlaşdırmaq məcburiyyətində qalacaq. Kemeronun mövqeyi belədir ki, ABŞ və Fransada hakimiyyətə kim gəlir-gəlsin, London Vaşinqton və Parislə tərəfdaşlığını davam etdirməlidir.

Qəzzada bombardmanlar davam edərkən Britaniyanın İsrailə silah satışı Kemeronu narahat etmir. Çünki İsrail ona lazım olan silahların cəmi yüzdə birini Britaniyadan alır. İsrail silah və hərbi texnikaya olan tələbatının böyük hissəsini ABŞ-dən əldə edir.

Kemeron ölkəsi üçün iki istiqamətdən təhlükənin olduğu qənaətindədir. Britaniyanın baş diplomatı Rusiyanı dayandırmağın vacibliyi ilə yanaşı, Çinin aqressiv siyasətindən də narahatdır. Kemeron hesab edir ki, Çin Britaniyaya qarşı kiber hücumlarını genişləndirib. Əslində Kemeron baş nazir olduğu illərdə Britaniya ilə Çin arasında əməkdaşlığa üstünlük verirdi. Hazırda şərtlər dəyişib. Kemeronun fikrincə, Pekinin xarici və təhlükəsizlik siyasəti dəyişdiyi üçün London da siyasətində müvafiq dəyişikliklər etməlidir.

Pekinin Cənubi Çin dənizinin mübahisəli bölgələrinə iddialarının daha aqressiv şəkildə həyata keçirilməsi Britaniyanı narahat edir. Çünki həmin bölgədə Britaniyaya məxsus gəmilər də üzür. Çinin sahil mühafizəsi mübahisəli sularda "ölkənin milli təhlükəsizliyi və maraqlarını təhlükə altına alan əcnəbiləri" araşdırmaq hüququna malikdir. Bu səbəbdən Çinlə Filippin arasında da münasibətlər gərginləşib".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər