24 İyun 13:56
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyalı keçmiş hərbçi, Çin-Yapon savaşı və İkinci Dünya Müharibəsi zamanı İmperator Ordusu tərəfindən Mancuriya xalqına tətbiq edilən bioloji və kimyəvi silahların hazırlanması ilə məşğul olan 731-ci döyüş bölməsi haqda şok həqiqətləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, İmperator Ordusu tərəfindən gizlilik andı içdirilən Hideo Şimizu 70 il sonra 731-ci bölmədə şahidi olduğu dəhşətlərdən danışıb.

93 yaşlı Şimizu 14 yaşında ikən İkinci Dünya Müharibəsi zamanı o vaxt Yaponiyanın işğalı altında olan Mancuriyanın Harbin şəhərinə kursant kimi göndərilib. Harbində hamilə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla, müharibə əsirləri üzərində tarixin ən qorxunc vəhşilikləri və amansız təcrübələrə şahidlik edib.

Yaponiya tarixinin ən dəhşətli müharibə cinayətlərinə cavabdeh olan bu bölmədə əsasən mülki Çin vətəndaşları, eləcə də rus, ingilis və amerikalı hərbi əsirlərdən ibarət 3000-dən çox insan təcrübə aləti kimi istifadə olunub.

70 ildən sonra susqunluğunu pozan Şimizu diri-diri parçalanan, vəba xəstəliyinə yoluxdurulan və laboratoriyalarda ən müxtəlif maraqlar naminə qorxunc təcrübələrdən keçirilən əsirlər haqda bildiklərini danışıb.

İllərlə özü və ailəsinin rahatlığı üçün qaranlıq keçmişini dəfn etməyə çalışsa da, sonda bunu bacarmayıb. 2015-ci ildə həyat yoldaşı ilə birlikdə getdiyi müharibə muzeyində köhnə həyatı ilə bağlı xatirələri yenidən canlanan Şimizu bir də o zaman ayılıb ki, fotolarda gördüyü bina haqda bildiyi hər şeyi həyat yoldaşına danışır. Şimizu özünün də bioloji döyüş bölməsinin üzvü olduğunu etiraf edib.

731-ci bölmə 1936-cı ildə Çinin şimal-şərqindəki Harbin şəhərində bioloji savaş, silahlar və insan bədəninin sərhədləri ilə bağlı araşdırmalar aparmaq üçün qurulmuşdu.

1945-ci il martın sonunda, müharibənin bitməsinə cəmi bir neçə ay qalmış sınaq müddətində texniki xidmətə qoşulan adam bu yaxınlarda verdiyi müsahibədə belə demişdi: “Ordunun nə olduğu və konkret olaraq nə etdiyi barədə heç nə bilmirdim”.

Şimizu o zaman bir fabrikə göndərildiyini düşündüyünü deyib. Amma 731-ci bölmənin laboratoriyalarında işləmək üçün Çinə gedən qatara mindirilmişdi.

Şimizu söyləyir ki, 1945-ci ilin iyulunda insan bədəninin hissələri yerləşdirilmiş bankalarla dolu otağa girdiyi an yaşadığı kabusu bu gün də yaşayır. Keçmiş hərbçi bu bankalardan bəzilərinin insan böyüklükdə olduğunu iddia edir.

Ömründə ilk dəfə meyit gördüyünü deyən Şimizu o an göz yaşlarını saxlaya bilmədiyini qeyd edir: “Məni ora aparmalarının səbəbi cəsədləri görəndə verəcəyim reaksiyanı ölçməkdi.

Şimizu deyir ki, həmin an ona nə edəcəklərini düşünsə də, sonradan disseksiya təlimi aldığını anlayıb.

Bu işgəncələr müharibənin başa çatması və 1945-ci ildə Yaponiyanın təslim olması ilə bitib.

Yaponiyaya qayıtdıqdan sonra Şimizu cinayət düşərgəsində gördükləri və eşitdikləri barədə heç vaxt danışmayıb. İllər sonra nəvələri fotolarını gördükdə və gələcək nəsil üçün susqunluğunu pozmalı olduğunu anlayanda bildiyi, şahidi olduğu hər şeyi danışıb.

Disseksiya hər hansı bir orqanizmi daxilindən bir nümunə götürmək üçün xaricindən parçalanması prosesidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər