Dağıstandakı olaylar Şimali Qafqazın digər bölgələrinə də sıçraya bilər.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Şimali Qafqazda baş verən silahlı qarşıdurmalara diqqət çəkib:
“Dağıstanda həyəcan təbili ötən ilin oktyabrında çalınmışdı. İsrailin Qəzzada hərbi əməliyyata başlamasına etiraz edən yüzlərlə dağıstanlı gənc oktyabrın 29-da Maxaçqala hava limanına hücum etdi, təyyarələrin uçuş zonasını ələ keçirdilər, binada qapı və şüşələri qırdılar. Polis ortada yox idi. Radikal gənclər Maxaçqala hava limanına enən İsrail vətəndaşlarını axtarır, qarşılarına çıxanların pasportlarını yoxlayırdılar. Həmin gün müxtəlif şəhərlərdən uçan təyyarələr Maxaçqala hava limanına enə bilmədilər. İsrail vətəndaşları hava limanını tərk etməyə müvəffəq oldular, radikalların əllərinə keçsəydilər, nəticə ağır olacaqdı.
O zaman Dağıstan İstintaq Komitəsi hava limanına hücum edənlərə qarşı cinayət işinin açıldığını bəyan etsə də, sonrakı aylarda bu məsələnin üzərinə çox gedilmədi, bildirildi ki, gənclər səhvlərini etiraf ediblər. İndi kim zəmanət verə bilər ki, dünən Maxaçqala və Dərbənddə kilsə və sinaqoqa hücum edərək polislər və mülki insanları öldürən cinayətkarlar arasında ötən il hava limanına hücum edənlər olmayıb?”.
Elxan Şahinoğlu hesab edir ki, Şimali Qafqaz Rusiyanın zəif bəndi olaraq qalır:
“Dini cərəyanlar Şimali Qafqazda, əsasən də Dağıstanda dərin kök salıb. Dağıstanda işsiz gənclərin sayı çox olduğundan radikalizmi təbliğ edənlərin təsiri altına düşürlər. Moskva bu problemi illərdir həll edə bilmir. Rusiya prezidenti Dağıstan rəhbərliyinə bu illərdə inandığı siyasətçiləri təyin etsə də, onların heç biri bu bölgədə dərin kök salmış problemləri həll edə bilməyib.
Kreml çıxış yolunu bu bölgəyə dotasiyanı artırmaqda görür. Ancaq son toqquşmalar göstərdi ki, maliyyənin həcmini artırmaqla məsələlər həll olunmur. Dağıstandakı olaylar Şimali Qafqazın digər bölgələrinə də sıçraya bilər. Ukraynada işğalçı müharibəni davam etdirən, itkilər verən Rusiya diqqətinin bir hissəsini Şimali Qafqaza yönəltmək məcubiriyyətində qalacaq”.