İyunun 23-də Dağıstanda kilsə, sinaqoq və hüquq-mühafizə orqanlarına kompleks və koordinasiyalı hücumun təşkilatçısı İŞİD terror təşkilatının Şimali Qafqaz qolu “Qafqaz Vilayəti” ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Təhlildə qeyd olunur ki, hücumdan sonra “Əl-Əzaim” qruplaşmasının Rusiya bölməsi “qafqazlı qardaşlar”ını mədh edən bəyanat yayıb. ISW vurğulayır ki, “Əl-Əzaim” məsuliyyəti üzərinə götürməyib, amma “qafqazlı qardaşlar”a istinad hücuma görə “Qafqaz Vilayəti”nin məsuliyyət daşıdığını qəti şəkildə deməyə əsas verir.
ABŞ analitikləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) regional antiterror strukturunun martın 22-də İŞİD-ə bağlı qruplaşmanın Moskva vilayətində “Krokus” konsert zalında törətdiyi terror aktından sonra “Qafqaz Vilayəti”nin aktivləşməsi və Şimali Qafqazda işə qəbulla bağlı artan çağırışlarına dair xəbərdarlığına diqqət çəkib.
ISW-nin iddiasına görə, Rusiyanın müsəlman azlıqlarla, xüsusən də Şimali Qafqazda getdikcə gərginləşən münasibətləri bölgədə “Qafqaz Vilayəti” və digər ekstremist qruplara marağı artırır.