28 İyun 00:33
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramını araşdıran 6 işçi qrupunun fəaliyyətini bərpa etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” İsrail və ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, İsrail baş nazirinin daxili siyasətə başının qarışması və Qəzza zolağındakı durum səbəbindən sözügedən qurumlar ilyarımdır fəaliyyət göstərmir. Netanyahu qurumların fəaliyyətlərini koordinasiya edəcək Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbiyə qrupları bərpa etməyi tapşırıb.

“Axios”un mənbələrinə görə, qruplardan birinə MOSSAD kəşfiyyat xidməti rəhbərlik edir və İranın nüvə proqramı, xüsusən də onun potensial hərbi komponenti məsələləri ilə məşğul olur. İkinci qrupun işi ŞABAK (İsrail Baş Təhlükəsizlik Xidməti) tərəfindən əlaqələndirilir, bu qurum İranın İsrail cəmiyyətinə təsirlərinin öyrənilməsinə cavabdehdir. Digər qruplar kəşfiyyat, kibertəhlükəsizliyin təmin edilməsi, İranın “Hizbullah”, “Ənsarallah” və Yaxın Şərqdəki digər proksilərinin addımlarının proqnozlaşdırılması ilə məşğuldur.

Nəşr yazır ki, qruplar Tehranın nüvə proqramının inkişaf tempindən irəli gələn narahatlıqla bağlı yaradılıb. Nəşrin iddiasına görə, İran noyabrdan sonra nüvə silahlarının inkişafında sıçrayış əldə edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu