İsrail HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən dərhal sonra ABŞ-yə məlumat verib ki, bu addımın arxasında məhz o dayanır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Bayden administrasiyasının rəsmiləri Haniyəni öldürmək qərarından qəzəbləniblər və bunun Qəzzada atəşkəsə dair aylarla davam edən kövrək danışıqları pozacağından narahat olublar.
Məqalədə qeyd olunur ki, ABŞ rəsmiləri “Hizbullah” və ya iranlı komandirləri öldürmək üçün əməliyyatlara başlamazdan əvvəl İsrailin onlara məlumat verməməsindən hiddətlənib.
“Vaşinqton Post”un sitat gətirdiyi anonim bir İsrail rəsmisi Baş nazir Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında keçən həftə baş tutan telefon danışığının gərgin məcrada keçdiyini təsdiqləyib.
HƏMAS lideri İsmayıl Haniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb.