İran Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq yaxın günlərdə İsrailə qarşı kütləvi hücum qərarına yenidən baxa bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” qəzeti amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Belə ki, Amerika Birləşmiş Ştatlar hələ də Haniyənin öldürülməsinə İrandan hansısa cavab gözləyir, lakin
Tehranın ilkin cavab planına yenidən baxdığından, tezliklə İsrailə hücum edəcəyinə inanmır.
ABŞ administrasiyasının iki yüksək rütbəli rəsmisi bildirib ki, Vaşinqton Tehrana irimiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq edib.
Amerika həmçinin İranı Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə və bunu daha geniş əməliyyatın bir hissəsi hesab etməməyə çağırıb. Rəsmilərin fikrincə, İran əvvəlcə rədd etsə də, Amerika tərəfinin nöqteyi-nəzəri ilə getdikcə daha çox razılaşır.