16 Avqust 10:07
7 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donetsk vilayətində sürətli hücumu davam etdirir. Rusiya hərbi komandanlığı bununla göstərir ki, Ukraynanın işğal etdiyi Kursk vilayətinə yox, Ukraynanın şərqinə üstünlük verir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri deyiblər.

Rusiya qoşunları Pokrovskdan cənub-şərqdə Ukrayna qüvvələrini taktiki baxımdan mühasirəyə almağa çalışır. Son məlumata görə, ruslar bu yöndə Orlivka və Jelannanı ələ keçiriblər.

Ukrayna ordusunun kapitan Dmitri Lıxov bildirib ki, rus qoşunları bu istiqamətdə hücum əməliyyatlarının tempini azaltmır.

Rusiya Kursk bölgəsindəki vəziyyətə cavab üçün Ukraynadakı qüvvələrini yerləşdirməyə başlayıb. Amma yerdəyişmə zamanı gözləniləndən daha az qüvvənin Kurska köçürülməsi göstərir ki, Rusiya hərbi komandanlığı üçün prioritet Ukraynanın şərqidir. Məsələn, CNN yazır ki, Rusiya komandanlığı Ukrayna ərazisindən daha böyük və daha yaxşı hazırlanmış qüvvələri Kurska göndərmir. Bir mənbə isə bunu Rusiyanın ehtiyat üçün kifayət qədər qüvvəsinin olmaması ilə izah edir.

ISW açıq mənbələrdə Rusiya hərbi komandanlığının bütöv briqadaları Ukraynadan Kurska göndərməsi ilə bağlı məlumata rast gəlməyib. Amma Rusiya alaylarının hissələrinin əraziyə köçürülməsi ilə bağlı xəbərləri müşahidə edib.

ABŞ institutunun məlumatına görə, Rusiya Ukraynanın Kurska müdaxiləsini dəf etmək üçün nizamsız birləşmələrinin bəzi elementlərini Donetsk vilayətindən çıxarır. Amma çox güman ki, Donetskdəki prioritet sektorlardan döyüş təcrübəsi olan hərbi hissələri çıxarmaqda son dərəcə istəksiz olacaq. İnstituta görə, Rusiya bu ərazilərdəki əməliyyatlarının sürətini azaltmaqdan qorxur.

Ukrayna Kurska müdaxilə edərkən gözləyirdi ki, Rusiya Donbasdakı qüvvələrinin əhəmiyyətli hissəsini Kurska göndərəcək və bu fonda uğurlu əks-hücum üçün zəmin yaranacaq. Bu gözlənti hələlik özünü doğrultmur.


Müəllif: Mənsur Rəğbətoğlu