Hindistan Baş nazir Narendra Modi avqustun 21-23-də Polşa və Ukraynaya rəsmi səfər edəcək. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Modinin Kiyevə ilk səfəri olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Modi iyunun 8-də Moskvaya səfər etmişvə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ikitərəfli tərəfdaşlığı gücləndirməkdə maraqlı olduğunu bildirmişdi:
“Modinin Rusiyaya səfəri Ukrayna və Qərb ölkələrində bir sıra suallar yaratmışdı. Hindistan lideri bu sualları aradan qaldırmaq üçün Kiyevə səfər etməyə qərar verib.
Dehli Rusiya ilə Ukrayna arasında dialoqun tərəfdarıdır. Modi iki ölkə arasındakı mübahisənin müharibə ilə həll olunmayacağı qənaətindədir. Dehli Pekin kimi Moskva ilə Kiyev arasında dialoqa töhfə verməyə hazır olduğunu deyib. Məlumdur ki, Kiyev Pekinin vasitəçiliyini qəbul etmir. Çünki Pekinin planında Rusiya ordusunun Ukrayna ərazisini tərki tələb olunmur. Dehlinin münaqişənin həlliylə bağlı konkret planı olmasa da, tərəflərlə işləməyə hazır olduğunu bəyan edib.
Vaşinqton müharibənin dayandırılması üçün Pekinin Moskvaya təsir etməsini istəyərkən, Dehlidən də eyni siyasət aparmasını arzulayır. Ancaq problem ondadır ki, Kreml Ukrayna torpaqlarının ilhaqının rəsmiləşdirilməsindən başqa həll planı və vasitəçilik qəbul etmir.
Ukrayna xarici işlər naziri Dmitri Kuleba bir müddət əvvəl Hindistana səfər etmişdi. Hindistan xarici işlər naziri Subramanyam Cayşankar ukraynalı həmkarı ilə görüşdə iki ölkə arasında təmasları genişləndirməkdə maraqlı olduğunu söyləmişdi. Modi iyunda G7-nin İtaliya toplantısında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb fikir mübadiləsi aparmışdı. Kiyev Hindistanın Ukrayna iqtisadiyyatına yatırım qoymasına da maraq göstərir”.
Təhlildə vurğulanır ki, Modi Kiyevdən Varşavaya gedəcək:
“Hindistan liderinin Ukraynadan sonra məhz Polşaya səfər etməsinin səbəbi aydındır. Ukrayna ilə sərhəd olan Polşa müharibədən əziyyət çəkən əsas Avropa ölkəsidir. Polşa Ukraynadan ən çox qaçqın qəbul edən dövlətdir, Rusiya raketləri və təyyarələri zaman-zaman onun ərazisinə keçir. Bundan başqa, Avropada belə bir rəy formalaşıb ki, Rusiya Ukraynanı işğal edərsə, növbəti hədəfi Polşa ola bilər. Bu mənada, Modinin Polşaya səfəri Dehlinin Varşavanın narahatlığına şərik olduğunu anlamı daşıyır”.