Ermənistanın anti-Rusiya addımlarının təhlükəli nəticələri olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.
Erməni nəşri bildirir ki, Qərb və Rusiya arasında qalan İrəvan seçimini birincinin xeyrinə edib:
“Moskvada keçirilən MDB Xarici İşlər Şurasının dünənki sessiyası çərçivəsində Ermənistan “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərdən istifadənin yolverilməzliyi” ilə bağlı bəyanatlara qoşulmayıb.
MDB-nin mətbuat xidməti bundan əvvəl məlumat vermişdi ki, quruma üzv ölkələrin xarici işlər nazirləri Moskva sessiyasında qəbul olunmuş birgə bəyanatda birtərəfli sanksiyaları pisləyib və onları bu cür addımlardan çəkinməyə çağırıblar. Əslində, sessiyada səslənən bəyanatlar anti-Qərb məzmunlu idi və Qərbə doğru hərəkət edən Ermənistan üçün bu cür bəyanatlara qoşulmaq ölümcül təhlükəli ola bilər.
Bir tərəfdən Paşinyan və komandası münasibətləri tarazlaşdırmaqdan danışır, digər tərəfdən yenidən Rusiya əleyhinə addımlar atırlar. Çox güman ki, bunun təhlükəli nəticələri olacaq”.
Həmçinin “Past” iddia edir ki, Paşinyan Azərbaycanla sülh danışıqlarının Rusiyanın vasitəçiliyi ilə davam etməsində də maraqlı deyil:
“Çox güman ki, Paşinyan Moskvanın prosesə daxil olmasından imtina edəcək. Artıq Kreml də vasitəçilikdən danışmır. İrəvan bundan öncə bir neçə dəfə Moskvanın təklif etdiyi danışıqlar platformasından imtina edib”.
Mənbənin fikrincə, Ermənistan baş nazirinin Rusiyaya son səfəri də İrəvanın mövqeyini dəyişməyəcək.