11 Oktyabr 13:52
3 672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehran Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinə xəbərdarlıq edib ki, İrana hücumda İsrailə hər hansı yardım onların neft obyektlərinə cavab zərbələri ilə nəticələnəcək.

Teleqraf.com xəbər verir ki, bunu “Röyter”ə Səudiyyənin kral sarayına yaxın analitik Əli Şihaba deyib.

“İranlılar bildiriblər ki, Körfəz ölkələri öz hava məkanlarını İsrailə açsalar, bu, müharibə aktı olacaq”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, Tehran həmçinin Ər-Riyada xəbərdarlıq edib ki, bu durumda Yəmən və ya İraqdan reaksiya ola bilər.

“Röyter”in mənbələrindən biri söyləyib ki, oktyabrın 9-da Səudiyyə Ərəbistanı taxtının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla İran xarici işlər naziri Abbas Əraqçi arasında danışıqların mərkəzində İsrailin İrana mümkün hücumu olub.

Körfəzdəki üç mənbə agentliyə söyləyib ki, İsrail İordaniya və ya İraq üzərindən vura bilər, amma Səudiyyə, Qətər və BƏƏ-nin hava məkanından istifadə strateji baxımdan vacib olmayacaq. Analitiklərin fikrincə, İsrailin havada yanacaq dolduran qırıcısının Qırmızı dəniz üzərindən Hind okeanı və Bəsrə körfəzinə uçmaq, ardınca geri qayıtmaq imkanları var.

“Raket əleyhinə müdafiə və “Patriot” sistemlərinin mövcudluğuna baxmayaraq, Bəsrə körfəzindəki bütün neft obyektlərinin təhlükəsizliyi problem olaraq qalır, ona görə də İrana region ölkələrinin təhlükə olmadığını başa salmaq üçün əsas yanaşma diplomatiya olaraq qalır”, - mənbələr “Röyter”ə bildiriblər.

Həmçinin rəsmilərdən biri agentliyə belə deyib: “Raket müharibəsinin içində qala bilərik. Xüsusilə İsrail İranın neft obyektlərinə hücum edərsə... Belə bir ciddi narahatlıq var”.

Mütəxəssislər hesab edirlər ki, Səudiyyə və ya BƏƏ-də neft obyektlərinə hücum “qara qızıl”ın dünya bazarına tədarükü ilə bağlı problemlərə səbəb ola bilər. Bu durumda neftin qiyməti kəskin artacaq.

Oktyabrın 1-də İsrailin Beyruta hücumu zamanı “Hizbullah” terror qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsinə cavab olaraq, İran İsrailə 180-dən çox raket zərbəsi endirib. İsrail buna cavab verəcəyini açıqlayıb. Ölkənin müdafiə naziri Yoav Qalantın sözlərinə görə, İrana cavab ölümcül, dəqiq və gözlənilməz olacaq, Tehranın nə və necə baş verdiyini anlamağa vaxtı olmayacaq. “The Wall Street Journal” yazır ki, İsrail gözlənilən hücumda İranın neft obyektləri ilə yanaşı, nüvə müəssisələrini də vuracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər