Ötən yazılarımızda mərhum professor Abbas Zamanovun Amerikada yaşamış mühacir Ənvər Sultanzadə ilə məktublaşmasından bəhs etmişdik. Professor bir çox mühacir kimi Türkiyənin rəssamlıq tarixində özünəməxsus yer tutan azərbaycanlı rəssam İbrahim Safi ilə də məktublaşıb.
Əsl adı-soyadı Rəhman Səfiyev olan, Türkiyədə İbrahim Səfi kimi tanınan rəssam 1898-ci ildə Naxçıvanın Şərur rayonunda, Cəlilkənddə Qafar bəy və Hürnisə xanım Səfiyevlərin ailəsində doğulub.
R.Səfiyev üç yaşında ikən şair olan atasını itirib. 12 yaşında ikən Araz çayında balıq tutan iki balıqçının rəsmini çəkib. Orta məktəbi Cəlilkənddə bitirdikdən sonra İrəvan Müəllimlər Seminariyasına daxil olub. Bu seminariyada rəsm müəllimi olan rumıniyalı Kolzsadan təsirlənib. 1913-cü ildə Moskvada incəsənət oxumaq üçün xüsusi məktəbdə bir il çalışıb.
Rusiyaya gedən Səfiyev 1917-ci il inqilabı səbəbindən geri dönüb. Bu dövrdə o, Naxçıvanda, Zəngəzurda Azərbaycan türklərini qətl edən ermənilərə qarşı mübarizə aparıb. Daha sonra türk ordusuna qoşularaq İstanbula gedib. Bir müddət tütün fabrikində çalışan R.Səfiyev, nəhayət, İstanbulda Sanayi-i Nefise Məktəbinə daxil olub, İbrahim Çallıdan dərs alıb. 1923-cü ildə məzun olub.
İbrahim Səfi 1924-1925-ci illərdə Mustafa Kamal Atatürkün portretlərini çəkib. 1930-cu illərdə çəkdiyi rəsmlərdə kiril hərfləri ilə “Raxman Safiev” imzasını qeyd edib. 1950-ci illərin əvvəllərində İstanbulun Sultan Əhməd, Sarayburnu, Eminönü səmtlərində çoxlu peyzaj rəsmləri çəkib. 1930-cu ilə qədər Namık İsmailin yanında çalışıb. 1942-ci ildə könüllü olaraq hərbi xidmətə yollanıb. 1946-cı ildə İstanbulda ilk sərgisini açıb. 1953-cü ildə yunan mənşəli Zahora adlı qadınla ailə həyatı qurub.
1955-ci ildən sonra İsveçrə, Münxen, Köln, Frankfurt, Bonn, Vyana, Roma, Paris, Marsel, Afina kimi Avropanın məşhur yerlərində tədqiqat aparıb. Naci Kalmukoğlu ilə birgə çalışıb, Türkiyə daxilində və xaricdə sərgilər keçirib.
İngilis rəssam Johnson Baker İ. Səfinin tələbəsidir.
1970-ci illərdə Səfi xəstələnsə də, rəsm çəkməyə davam edib. Şəxsi həkimi Ənvər Taliyə çoxlu rəsmlər hədiyyə edib. Talinin özü də Səfinin rəsmlərini satın alaraq, 350 əsərdən ibarət kolleksiya yaradıb. 5 may 1983-cü ildə İstanbulda İ. Səfinin 100-cü sərgisi baş tutub. Bu sərgidən bir neçə gün sonra Səfi xəstələnib və Nişantaşı xəstəxanasında vəfat edib.
Azərbaycanın İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə Bəyoğlu Bələdiyyəsi rəssamın yaşadığı İstiqlal caddəsinin Postacılar küçəsində xatirə lövhəsi qoyub.
İbrahim Səfi 1913-cü ildə Moskvaya gedərkən Bakını uzaqdan görüb, dalğalı Xəzər onu heyrətləndirib. Abbas Zamanova yazdığı məktubların birində bu barədə təəssüratlarını da qeyd edib. Həmin məktubun mətnini dilimizə uyğunlaşdıraraq təqdim edirik:
“Pək möhtərəm və əziz qardaşımız Abbas Zamanov bəy.
16 oktyabr 1969-cu il tarixli məktubunuzu xeyli əvvəl aldım. İndiyə qədər vaxt tapıb cavablandıra bilmədim. Vəziyyətim indi tamamilə aydınlaşdı və Ankaraya gedəcəyim tarixi indidən söyləyə bilərəm. İstanbulda olduqca tənha bir qalereyada rəsm sərgisi açdım. Zərruxa da yazdığım kimi sərgi səmti çox ... və az tanınmış olmaqla bərabər, şükür olsun ki yaxşı satış var və çox rəğbət görür. Sərgi dekabr ayının 5-də qapanır və dekabrın 10 və ya 12-də Ankaraya hərəkət edəcəyəm. Bərabərimdə qərar vermiş olduğum 3-4 parça ufaq-böyük tablonu Arif Heydərova təslim edəcəyəm. Göndərəcəyim parçalar şah əsər sayılmamaqla bərabər texniki cəhətdən yenə də önəmsiz hesab edilməməlidir. İnşallah bu bir başlanğıc olar və irəlidə Bakı qalereyasına sizin namınıza Ankara sərgilərindən bəzi tabloları Arif və ya digər şəxslər vasitəsilə göndərməyə çalışacağam. Ancaq bu səfərlik gecikməyimi əfv etməyinizi rica edirəm. 1913 tarixində Moskvaya gedərkən Bakı stansiyasından keçdik. Ağlımda qalan bir şey varsa, o da meşə kimi neft təsisləri və xətt boyunca yerdən sızan qətran kimi qazlar. Bakını görə bilmədim, ancaq bir stansiyada Xəzər dənizinin dalğalı halda sahilə çırpıldığını dəhşətlə seyr etdim. Əlbəttə ki, oraları görməyi arzu edərdim. Yarım əsrdən sonra bir insan doğulduğu və zində günlərini, qəmsiz uşaqlıq həyatını, keçirdiyi yerləri bir daha görmək bəxtiyarlıq sayılardı. Bəlkə, irəlidə bu da qabil olar.
Sizə və Zərruxa dəvətnamə göndərirəm. Məktubun içində. Bu bir xatirə olaraq həm mənim sərgidə təşhir etmiş olduğum portretlərdən klassik çalışmamın nümunəsi, həm də davam edən sərginin müjdəsidir.
Xoşca qalın möhtərəm qardaşımız Abbas Zamanov bəy.
Əmin olun indiyə qədər fürsət tapıb nə göndərmiş olduğunuz kitabları sonuna qədər oxuya bildim, nə də rəssamların tablolarından alınmış nümunələrini seyrə vaxt tapa bildim. Şayət türkcə yazım daha oxunaqlıdırsa, bildirin, ona görə məktublaşalım.
Salam və hörmətlə İ. Safi”