13:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Gülyanaq Məmmədova Türkiyədə “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri çərçivəsində baş tutan konsert haqqında təəssürtalarını bölüşüb.

Teleqraf.com-a açıqlamasında Gülyanaq Məmmədova bu sözləri deyib: "Ərzincan şəhərində yerləşən Ərzincan Binali Yıldırım Universitetində I Beynəlxalq Türk Diasporu Simpoziumu keçirildi. Belə bir konsert proqramında yer almaqdan və möhtəşəm bir tədbirdə iştirakdan çox məmnunam. Bir sənətçi olaraq Azərbaycan adından, ölkəmizin mədəniyyətinə və incəsənətinə xidmət etməkdən qürur duyuram. Musiqimizin bu qədər alqışlarla qarşılanması məni doğrudan da fərəhləndirir. Xalqıma, mədəniyyətimə xidmət etməkdən şərəf duyuram.

Konsertdə pianoçu Naibə Şahməmmədova ilə birlikdə səhnəyə çıxdıq. Digər mahnılarımla birlikdə "Çırpınırdı Qara dəniz"i də ifa etdim. Buna görə məni ayaqüstə alqışlayan türk xalqına sonsuz minnətdarlığımı bildirirəm. Binali Yıldırım Universitetinin rektoru, professor Akın Leventə təşəkkür edirəm. Dünyanın hər yerindən gələn qonaqlar qarşında çıxış etmək mənim üçün çox qürurverici idi.

İkinci konsertimiz İstanbulda baş tutdu. Bu konsert Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmişdi. Orada da tamaşaçıların böyük sevgisi və alqışından çox xoşbəxt oldum. Mərkəzinin direktoru Samir Abbasovun təşkil etdiyi tədbirlərdə dəyərli qonaqlar və dövlət qurumlarının nümayəndələri də iştirak edirdilər. Mədəniyyət Nazirliyinə dəstəyə görə təşəkkürümü bildirirəm".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər