09:37
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbdə Türkiyənin BRİKS, o cümlədən Şanxay Əməkdaşlıq Təşkiatına üzvlük istəyindən narahat olan qüvvələr var.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ankarada Türkiyə Aviakosmik Sənaye Şirkətində törədilmiş terror aktını böyük ehtimalla PKK törədib. Maraqlıdır ki, bundan bir gün əvvəl MHP lideri Dövlət Baxçalı PKK lideri Abullah Öcalanın əfvinə işarə edən nitq söyləmişdi. Türkiyə hakimiyyəti PKK-çıların tərksilah olunması qarşılığında 25 il həbsdə yatan 75 yaşlı Öcalanın sərbəst buraxılmasını istisna etmir. Ancaq son terror aksiyası məsələnin bu qədər sadə həll olunmayacağını göstərir.

PKK-nın içindəki fərqli qüvvələr heç də tərksilah olunmaq marağında deyil. PKK-nın Qəndil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Öcalanın “silahı yerə qoyun” əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Öcalan Türkiyə hökumətinin girovluğundadır”.

Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu, PKK-nın həmin razılığa uyğun olaraq tərksilaha əməl edəcəyi anlamına gəlməyəcək”, - ekspert bildirib.

Elxan Şahinoğlu əlavə edib ki, Türkiyədə son terror hadisəsini xarici qüvvələrlə əlaqələndirənlər də var:

“Bu kontekstdə Prezident Rəcəb Tayyib Ərdoğanın BRİKS toplantısında iştirak məqsədilə Rusiyaya səfərinə işarə edirlər. Ankarada terror hadisəsi baş verərkən Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşırdı. Yəni Türkiyədəki bəzi siyasi və ekspert dairələrinin fikrincə, Qərbdə (yaxud ABŞ-da) Türkiyənin BRİKS, o cümlədən Şanxay Əməkdaşlıq Təşkiatına üzvlük istəyindən narahat olan qüvvələr var. Bu qüvvələr son terror aksiyası ilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər”.


Müəllif: Mənsur Rəğbətoğlu