13:11
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankarada baş verən terror aktının təkcə PKK tərəfindən planlaşdırılması az inandırıcıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Vüqar Zifəroğlu deyib.

“Dünən Ankarada baş verən terror hadisəsini məkan seçimindən zamanlamaya qədər bir çox məqamlar üzrə təhlil etmək mümkündür. Şübhəsiz ki, bütün bunlar təsadüfi deyil və əvvəldən planlaşdırılan, ciddi terror həmləsi olaraq qəbul edilməlidir. İlk növbədə məkan olaraq paytaxtın, eləcə də burada yerləşən Türkiyə Aerokosmik Sənayesi Şirkətinin (TUSAŞ) seçilməsi təsadüf hesab oluna bilməz. Vurğulamaq lazımdır ki, qardaş ölkənin hərbi sənayesinin, xüsusilə hava qüvvələrinin son illərdə sürətli inkişafı heç də regionda marağı olan qüvvələri razı salmır. Əslində terror həmləsinin hədəfi olaraq məhz adıçəkilən məkanın seçilməsi həm də bir mesajdır.

Digər məqam terror hadisəsinin PKK ilə bağlı ciddi müzakirələrin getdiyi günlərə təsadüf etməsidir. Abdullah Öcalanın TBMM-də çıxışı ilə bağlı təklifin ciddi şəkildə müzakirə edildiyi bir vaxtda baş verməsi həm də hazırda tez-tez səsləndirilən “PKK Türkiyədə bitib” arqumentinə bəlli qüvvələrin reaksiyasıdır. Bu hücum mövcud təşəbbüslərə qarşı bir mesaj olaraq da nəzərdən keçirilməlidir”, - ekspert bildirib.

Vüqar Zifəroğlu qeyd edib ki, başqa bir məqam son günlərdə PKK-ya qarşı Türkiyənin aktiv hərbi əməliyyatlar aparmasıdır:

“Faktiki olaraq Qərbin projesi olan “kürd zolağı”na qarşı İraq və Suriyanın şimalında aparılan bu əməliyyatlar PKK, eləcə də onun bu ölkələrdə uzantıları olan YPG, PYD və PJAK-a ciddi zərbələr vurur.

Hədəf olaraq TUSAŞ kimi strateji müdafiə müəssisəsinin seçilməsi həm də simvolik məna daşıyır. Bu terror həmləsi ölkənin müdafiə sahəsindəki uğurlarını hədəfə almaq və ya zədələmək məqsədi güdə bilər. Amma hücumun təkcə PKK tərəfindən planlaşdırılması da az inandırıcıdır.

Şübhəsiz ki, burada hazırda Yaxın Şərqdə gedən ciddi proseslər fonunda Türkiyəni daxildən zəiflətməyi qarşısına məqsəd qoyan xarici xüsusi xidmət orqanlarının da iştirakı istisna edilə bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər