Kazanda Ermənistan Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında bu gün keçirilən görüşdən yeni detallar məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti mnəlumat yayıb.
Paşinyan İranla əlaqələrin dinamik xarakterindən məmnunluğunu ifadə edərək vurğulayıb ki, Pezeşkian vəzifəyə gələndən bu dinamika nəinki qorunub saxlanılıb, hətta inkişaf etdirilib. Paşinyan İranla əlaqələrin daha da inkişaf etdirilməsinin Ermənistan hökumətinin prioritetlərindən biri olduğunu deyib.
İran prezidenti Ermənistanla əməkdaşlığın davamlı inkişafı və genişlənməsini qeyd edib. Pezeşkian ölkəsinin prioritetinin qonşu və dost ölkələrlə münasibətləri inkişaf etdirmək olduğunu vurğulayaraq, Ermənistanın da o ölkələrdən olduğunu bildirib.
Həmsöhbətlər ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər. Xüsusilə, iqtisadiyyat, enerji, infrastruktur sahələrində əməkdaşlıqla bağlı məsələlərə baxılıb.
Regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmsöhbətlər sülh və sabitliyin təmin edilməsi istiqamətində ardıcıl addımların atıldığını iddia ediblər. Ermənistan və İran liderləri güclü və dərin ikitərəfli əlaqələrin “regional əməkdaşlığın inkişafına töhfə” verəcəyinə inandıqlarını söyləyiblər.