Allaha şükürlər olsun ki, (PKK) terror təşkilatı sərhədlərimiz daxilində hərkət edə bilməz hala gəlib. Terror təşkilatı ciddi qan və güc itkisinə məruz qalıb. Kimə arxalansalar da bilirlər ki, Türkiyəyə qarşı heç bir terror təşkilatının şansı yoxdur. Biz məsələnin qalıcı həlli üçün səylərimizdən əl çəkməmişik.
Teleqraf.com xəbər verir ki, bunu Diyarbakır şəhərində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ölkəmizin qarşısında yeni və mühüm imkanlar pəncərəsi açılıb. Bunun boşa getməsini düzgün hesab etmirik. Görülən işlərin bir məqsədi var: terror təşkilatının özünü ləğv etməsi, silahı təhvil verməsi, təşkilatın siyasət üzərindəki təsirinin tamamilə aradan qaldırılması, Türkiyə partiyası statusunu qazanmayan siyasi quruluşa bu yöndə özünü inkişaf etdirmək imkanının verilməsi, bölgəmizdə artan qarşıdurmalar qarşısında daxili cəbhəmizin güclənməsi, yarım əsrlik separatçı terror mötərizəsinin bağlanması və bütün ölçüləri ilə tarixdə basdırılması”, - dövlət başçısı bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə ətrafında baş verən qarşıdurmaları ölkə daxilində yaymaq niyyətində olanların planlarını alt-üst etməkdə qərarlıdırlar:
“Terror təşkilatı ortadan qalxdıqdan sonra tarix boyu etdiyimiz kimi, yenidən səmimiyyət və qardaşlıqla bir-birimizi qucaqlayacağıq. Biz bu coğrafiyanı qardaşlıq coğrafiyasına çevirəcəyik. Bu ölkə bizimdir. Bu vətən bizimdir. Bu bayraq bizimdir. Bu dövlət bizimdir. Bizim birgə keçmişimiz var və gələcəyi birlikdə quracağıq. Köhnə Türkiyə artıq yoxdur!”