Makedoniyanın paytaxtı Skopyedə müxalifət partiyaları hökumət əleyhinə etiraz aksiyalarını davam etdirib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hökumət binası qarşısında keçirilən etiraz aksiyasında Baş nazir Nikola Qruyevski əleyhinə şüarlar səsləndirilib. Yürüdülən daxili və xarici siyasətdən, habelə ölkədə hökm sürən ağır iqtisadi vəziyyətdən məmnun olmadıqlarını bildirən etirazçılar hökumətin istefasını tələb ediblər.
“Makedoniya Üçün” şüarı altında keçirilən aksiyada çıxış edən ana müxalifətdəki Makedoniya Sosial Demokratlar Partiyasının lideri Zoran Zayev Makedoniyanın qarşısında tək yolun Avropa Birliyindən keçdiyini deyib.
Fərqli etnik kökə, dinə, siyasi partiyaya və siyasi ideologiyaya mənsub insanların bu gün bir arada olduğunu vurğulayan Zayev tək məqsədin Qruyevski rejiminin devrilməsinin olduğunu vurğulayıb.
Birlik lideri Qərbi Avropa ölkələrindəki sosial demokrat partiyalarına da verdikləri dəstək üçün təşəkkür edib.
Zayev rəhbərlik etdiyi partiyanın hakimiyyətə gələcəyi təqdirdə etnik və dini mənşəyi nəzərə alınmadan hər kəsin bərabər hüquqlara malik olacağını, vətəndaşlara sosial təhlükəsizlik zəmanəti verəcəyini, sosial dövlət inşa edəcəyini, dövlət qurumlarının vahid bir siyasi partiyaya deyil, vətəndaşlara xidmət edəcəyini söyləyib.
O, hökumət istefa verənə qədər aksiyaçıların meydanı tərk etməyəcəyini deyib.
Qeyd edək ki, etirazçılar eyni zamanda hökuməti korrupsiyaya bulaşmaqda da günahlandırır.
Samir