İranla aparıcı 6 dünya ölkəsi arasında danışıqlar bir neçə gün davam etdiriləcək.
Bunu Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini bəyan edib. Bununla İranın nüvə proqramı ilə bağlı yekun sazişə qoyulmuş vaxt ikinci dəfədir ki, uzadılır.
ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf isə bu arada vaxtın iyulun 10-dək uzadıldığını bildirib.
Tərəflər iyunun 30-da yekun saziş imzalamalı idi, amma bu müddət iyulun 7-dək uzadılmışdı. Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı sanksiyaların ləğvindən gedir.
Rusiyanın xarici işlər naziri Sergei Lavrov iyulun 7-də bildirib ki, hələ 8 məsələ tam dəqiqləşdirilməyib. O İrana silah göndərilməsinə qoyulmuş embarqonun əsas problem olduğunu vurğulayıb. Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.
Tehran ittihamı rədd edir.