15 İyul 2015 11:49
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Rusiyalı həmkarı Vladimir Putinin Suriya məsələsini müzakirə etmək üçün ona zəng etməsindən ruhalndığını bildirib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu telefon danışığı iyunun 26-da baş tutub. Sonuncu dəfə prezidentlər arasında bu cür təmas fevral ayında olub.

"Cənab Putinin bir neçə həftə əvvəl Suriya barədə danışmaq üçün təşəbbüs göstərməsi məni ruhlandırdı. Düşünürəm ki, o, gözəl başa düşür ki, Əsəd rejimi Suriya ərazisinin böyük hissəsinə nəzarəti itirir", - Obama New York Times-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu fakt Vaşinqton və Moskvanın ciddi dialoqa başlamasına səbəb ola bilər.

Obama İranın nüvə proqramı üzrə tarixi anlaşmaya nail olunmasında Rusiyanın pozitiv rol oynadığını da bildirib. O, bəyan edib ki, bu situasiyada Rusiya köməyini əsirgəməyib: "Mən açıq danışacağam, Əgər Rusiya və "altılar"ın digər üzvlərinin dəstəyi olmasaydı, biz bu anlaşmaya nail ola bilməzdik".

Qeyd edək ki, Obamanı ruhlandıran telefon danışığı zamanı iki ölkənin prezidenti ikitərəfli münasibətləri, Suriyadakı durumu, İranın nüvə proqramını və Minsk anlaşmasının yerinə yetirilməsini müzakirə ediblər.

Bir həftə əvvəl Obama bildirib ki, İŞİD üzərində qələbə qazanmaq üçün Suriyada Bəşər Əsədsiz hakimiyyət formalaşmalıdır. ABŞ prezidenti deyib ki, bu situasiyanı Putinlə müzakirə edib: "Mən ona bildirdim ki, ABŞ Suriyada Bəşər Əsədsiz hakimiyyət qurulması üçün işi davam etdirəcək".

Qeyd edək ki, Obama Əsədin istefasının vacib olduğunu bildirsə də, Rusiya Suriya prezidentinin əsas tərəfdarı olmaqda davam edir. Hazırda Rusiya Əsədə hərbi texnika, yanacaq və vertolyotlar üçün ehtiyat hissələri verir.

Nihad


Müəllif:

Oxşar xəbərlər