Koreyanın şimalı və cənubu arasında sərhəd məntəqəsi olan Pxanmuncomda on saatdan çox davam edən danışıqlar dayandırılıb.
Bu barədə Koreya Respublikası prezidenti administrasiyasının nümayəndəsi məlumat verib. Onun dediyinə görə, yüksək səviyyədə danışıqlar bu gün yerli vaxtla saat 15-də davam etdiriləcək. Nümayəndə, həmçinin qeyd edib ki, “danışıqların gedişində tərəflər öz mövqelərini səsləndirib və mövcud böhranın həllinə, eləcə də iki Koreya arasında münasibətlərin gələcəyinə dair rəy mübadiləsi aparıblar”.
Danışıqlar “iki üstəgəl iki” formatında aparılır. Cənubi Koreya tərəfindən danışıqlarda prezidentin milli təhlükəsizlik üzrə müşaviri Qvan Çjin və birləşmə işləri üzrə nazir Xon Yen Pye iştirak edirlər. Şimal tərəfi Cənubi Koreya işləri üzrə yüksək çinli məmur Kim Yan Qon və Koreya Xalq Ordusunun siyasi idarəsinin direktoru Xvan Byen So ilə təmsil olunur.
Pxenyanın ilkin tələbi Cənubi Koreyanın sərhəddə quraşdırdığı səsgücləndiricilərin tam sökülməsi və təbliğat verilişlərinin dayandırılmasından ibarət olub. Koreya Respublikası bu şərti yerinə yetirməkdən imtina edib və radio verilişlərini davam etdirəcəyini bildirib.
Tərəflər avqustun 20-də demilitarizasiya zonasının qərb hissəsində bir-birinə top atəşləri açıblar və bundan sonra Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası arasında münasibətlər güclü kəskinləşmə mərhələsinə daxil olub. Seulun bildirdiyinə görə, ilk atəş şimaldan açılıb və buna cavab olaraq Cənubi Koreya qarşı tərəfə onlarla mərmi atıb