2015-ci ildə dünyada məcburi köçkünlərin sayı 60 milyon nəfəri ötüb. Bununla bağlı BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) hesabatında açıqlama verilib. Hesabata görə, bu gün hər 122 insandan 1-i öz yurdunu tərk etməyə məcbur edilib.
Dünya üzrə bir il öncə sayca 19,5 milyon nəfər olmuş qaçqınların ümumi sayı 2015-ci ilin ortalarında 1992-ci ildən bəri ilk dəfə 20 milyonluq həddi keçib (20,2 milyon nəfər). Eyni zamanda, 2014-cü ilin eyni dövrü ilə müqayisədə sığınacaq üçün müraciətlər 78 faiz artıb (993.600). Məcburi köçkünlərin sayı təxminən 2 milyon nəfər artaraq 34 milyona çatıb.
Yeni qaçqınların sayı da kəskin şəkildə artır: cəmi altı ay ərzində 839.000 insan qaçqın düşüb ki, bu da orta hesabla hər gün təxminən 4.600 nəfərin ölkəsini tərk etməsi deməkdir. Suriyadakı müharibə bütün dünyada istər yeni qaçqınların yaranmasına, istərsə də kütləvi məcburi köçkünlük və ölkə xaricinə didərgin salınma hallarına səbəb olub.
Hesabatda həmçinin qaçqınlara qarşı humanistlik göstərilməsi məsələsinə də yer verilib. Türkiyə 30 iyun tarixinədək öz ərazisinə 1,84 milyon qaçqını qəbul etməklə dünyada ən birinci qəbuledici ölkədir. Eyni zamanda, Livan öz əhalisinin sayına görə hər hansı digər ölkəyə nisbətən daha çox qaçqın qəbul etmiş ölkədir, burada hər 1000 sakinə 209 qaçqın düşür. Efiopiya isə iqtisadiyyatı baxımından qaçqınlara ən çox pul xərcləyən ölkədir, burada ÜDM-in (adambaşına) hər dollarından 469 qaçqına pay düşür. Ümumən qaçqınların qəbul edilməsi üzrə qlobal məsuliyyətin çox böyük bir payı münaqişə zonaları ilə bilavasitə sərhədləri olan ölkələrin üzərinə düşməkdə davam edir və onların çoxu inkişaf etməkdə olan ölkələrdir.