Avstriya hökumətinin qaçqınların qəbuluna kvotalar tətbiq olunması barədə qərar qəbul edilməsi (bu il 37.500, gələn il 35.000, 2018-ci ildə 30.000 qaçqın qəbul edilməsi nəzərdə tutulur.
2019-cu ilin ortalarına qədər bu ölkəyə qəbul edilən qaçqınların ümumi sayı isə 127.500 nəfərdən çox olmamalıdır) fonunda Almaniyada qaçqın axınını necə azaltmaq barədə mübahisələr davam edir. Konkret kvotalar tətbiq olunmasından qəti imtina edən Almaniya kansleri Angela Merkelin tərəfdarları azlıqda qala bilər.
Alman KİV-lərində qeyd edilir ki, Vildbad-Kroytda (Bavariya) Xristian-Sosial İttifaqının yerli bölməsinin iclasında Merkel kəskin mübahisələrlə üzləşib. Hətta Davos Dünya İqtisadi Forumunun açılışı günündə qaçqınlar barədə söhbət gedib, halbuki həmin Forumda əsas müzakirə mövzusu istehsalın avtomatlaşdırılmasının nəticələrinə həsr edilməli idi.
Qaçqın axınını məhdudlaşdırmaq barədə Avstriyanın qərarı Avropanı “silkələyəcəkmi”? Bunu zaman göstərəcək, lakin həmin qərar Bavariya Xristian-Sosial İttifaqında Angela Merkelin siyasətinə etirazı gücləndirib. Öz fəaliyyət xəttini davam etdirmək üçün israrla çalışan federal kansler özü də qaçqınların sayını məhdudlaşdırmaq istəyir. Bavariyalılar artıq xeyli vaxtdır ki, sərhədlərin bağlanmasını və kvotalar tətbiq olunmasını tələb edirlər. Onlar hökumət koalisiyasını tərk etməyə hələ hazırlaşmırlar, ona görə ki, Zeyehoferin qeyd etdiyi kimi, “hökumətin tərkibində daha çox iş görmək olar, nəinki hökumətdən kənarda”. Lakin qaçqınlar problemini həll etmək üçün Angela Merkelin vaxtı sürətlə azalmaqdadır.