Ey BMT, sən nə işə yarayırsan? Sənin vəzifən nədir?
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gənc iş adamları ilə görüşü zamanı deyib.
Ərdoğan BMT-nin Türkiyənin sərhədlərini suriyalı qaçqınlara açması barədə çağırışına sərt reaksiya verib:
“Bəşər Əsəd iqtidarını qorumaq üçün terrorçularla əməkdaşlıq edir. Suriyadan ölkəmizə yeni köç dalğası başlayıb. Vəziyyətləri kritik olanları qəbul etdik, 35 min suriyalı isə sərhəddə gözləyir. Rusiya və Əsəd rejiminin hücumları davam edərsə, bu rəqəmin 600 minə çıxma ehtimalı var. BMT-nin sərhədlərimizi suriyalılara açmaqla bağlı çağırışı qeyri-səmimilikdir. Ey BMT, sən nə işə yarayırsan? Sənin vəzifən nədir? Bu günə qədər qaçqınlara 10 milyard xərcləyən Türkiyəyə 455 milyon dollar yardım etdin. Bu ayıbdır. Bəzi ölkələr 100, 300, bəziləri isə min miqrant qəbul edib. Lakin bu gün Türkiyədə 3 milyona yaxın qaçqın var. Bağışlayın, bizim alnımızda “axmaq” yazılmayıb. Lazım olanı edəcəyik. Bizdən sərhədlərimizi açmağımızı istəyənlər digər ölkələrə də nəsihət versinlər. Biz də miqrantları həmin ölkələrə göndərək”.
Qeyd edək ki, BMT 2 gün öncə Türkiyəyə Suriya ilə sərhədlərini açması barədə çağırış edib.