6 Mart 2016 22:12
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda İranda nəqliyyat xərcləri 10 faiz azalıb. Bu azalma istehsalatda, həmçinin ixracat məhsullarının daşınmasında müşahidə olunur”.


APA-nın İran bürosunun məlumatına görə, bunu bu gün İran prezidenti Həsən Ruhani ölkədə akkreditasiya olunmuş xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

Prezident bildirib ki, dəniz daşımalarında xərclər 25 faiz azalıb.

H. Ruhani deyib ki , İran neft ixracatının həcmini sanksiyalardan öncəki həcmə çatdırmağı planlaşdırır: “Hazırda neft ixracatımızı 400 min barel artırmışıq”.

“Ötən il ölkənin neft gəlirləri 120 milyard dollardan 20 milyard dollara qədər azaldı. Bölgənin bütün ölkələrində neftin qiyməti düşdüyü üçün milli valyuta dəyərdən düşdü və inflasiya oldu. Lakin İranda iqtisadi inkişaf müsbət idi” deyə Ruhani vurğulayıb.

H. Ruhani deyib ki, gələn il hökumət gündəlik 2 milyon barel neft ixrac etməyi öhdəsinə götürüb.

O həmçinin bildirib ki, sanksiyaların ləğvinin təsiri artıq özünü göstərir, bunu həm ixrac, həm də idxalla məşğul olanlar hiss edirlər.

Rusiya ilə əlaqələrinə toxunan İran prezidenti iki ölkə arasında “fikir mübadiləsi və koordinasiya” olduğunu qeyd edib.


Ruhani həmçinin bildirib ki, “bütün qonşu ölkələrin ərazi bütövlüyü, milli suverenliyi və təhlükəsizliyi İran üçün əhəmiyyətlidir”.

Suriya məsələsinə toxunan Ruhani deyib: “Biz Suriyada xalqın qərarı ilə seçkilərin keçirilməsi üçün şərait yaradılması, terrorizmin məhvi və ədalətli atəşkəsin bərqərar olmasını istəyirik”.


Müəllif:

Oxşar xəbərlər