14 May 2016 19:53
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin əvvəlində Dağlıq Qarabağda cəbhə xəttində gedən döyüşlər zamanı “LifeNews” kanalı yenə də öz qərəzli mövqeyi ilə fərqləndi və hadisələri qeyri-obyektiv işıqlandırdı, təhrikçi materiallar hazırladı.

Bu, erməni mənşəli Aram Qabrelyanovun rəhbərlik etdiyi “Nyus Media” holdinqə daxil olan telekanalın ölkəmizə qarşı ilk təxribatı deyildi. Hələ yanvarın əvvəlində telekanal Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejim haqqında veriliş hazırlamışdı və bu Azərbaycanda narazılıqla qarşılanmışdı.

Əlbəttə, kanalın Azərbaycana qarşı təhrikçilik mövqeyi, ilk növbədə, onun daxil olduğu media-holdinqin rəhbəri Aram Qabrelyanovun etnik mənsubiyyəti ilə əlaqəlidir. Ancaq holdinqə daxil olan və Sankt-Peterburqda fəaliyyət göstərən “Life78” kanalında baş verən son hadisələr göstərir ki, media-holdinqin resurslarında qeyri-peşəkar jurnalistlərə üstünlük verilir. Məqsəd isə yalan-doğru sensasiyalar yaymaqla tamaşaçı-oxucu-dinləyici auditoriyasını artırmaqdır.

Ötən ilin əvvəlində Sankt-Peterburqun “100ТВ” telekanalı Qabrelyanovun “Nyus Media” holdinqinə daxil edilib və adı dəyişdirilərək “Life78” adlandırılıb. İlk yarım ildə kanalın yaradıcı heyəti bir neçə dəfə dəyişdirilsə də, Rusiyanın mədəniyyət mərkəzi sayılan Sankt-Peterburqun informasiya bazarında liderə çevrilə bilməyib. Mayın 11-də kanalda növbəti kadr dəyişiklikləri aparılıb.

Kanalın keçmiş əməkdaşlarından biri Rusiyanın “The Village” internet-nəşrinə Qabrelyanovun kadr siyasəti və iş prosesi barədə maraqlı faktlar danışıb.

Mənbənin bildirdiyinə görə, “Life78” kanalında işləmək üçün Rusiyanın müxtəlif yerlərindən jurnalistikadan bixəbər insanlar gəlir. Bəzən kadr çatışmazlığı üzündən xəbər oxucusu buraxılış redaktorunu əvəz edə bilir. Kanalın keçmiş əməkdaşı deyir ki, Qabrelyanov özü Sankt-Peterburqa seminar keçirmək üçün gəlmişdi. Əməkdaşlarla apardığı seminarda iş prosesini necə qurmaq barədə verdiyi təlimatlar təhqiramiz sözlər və söyüşlə müşayiət olunurdu. Yeri gəlmişkən, nəhəng holdinq rəhbərinin əməkdaşlarını təhqir etməsi barədə informasiya tez-tez mətbuata sızılır.

Keçmiş əməkdaş Qabrelyanovun təlimatları əsasında qurulmuş iş prosesindən aşağıdakı misalları da gətirib:

-Rusiyada çox məşhur pop ulduzu uşaqlarının xaç suyuna çəkilməsi mərasiminin məxsusi çəkilişini nəşrlərdən birinə həvalə etmişdi. Kanalımızın əməkdaşlardan biri kilsədə xadimə kimi işə düzəlməli oldu və GoPro kamerasını hər yerdə, hətta ikonaların üstündə quraşdırmışdı. Nəticədə “LifeNews” mərasimi birbaşa efirə vermək imkanı qazanmışdı. Məşhur ulduza bu barədə xəbər çatan kimi binəva bütün kilsəni ələk-fələk etmək, kameraları tapıb söndürmək məcburiyyəti qarşısında qalmışdı.

Əvvəllər “100ТВ” kanalına həvəslə müsahibələr verən siyasətçilər və elm adamları indi “Life78” kanalı ilə ünsiyyətdən imtina edirlər. Məsələn, Rusiya Elmlər Akademiyasının akademiki, qadın astrofizik studiyaya dəvət olunmuşdu. Müsahibə başa çatdıqdan sonra aparıcı “efirimizdə astroloqla söhbət etdik” demişdi.

Kanalın baş redaktorları, əsasən, sensasiya doğuran xəbərlər tələb edirlər. Məsələn, Lazarevin huşunu itirməsi, taksi sürücüsünün qətlə yetirilməsi və s. Ziyalı və intellektual təbəqənin çoxluq təşkil etdiyi Peterburq tamaşaçısı isə başqa xəbərlər gözləyirlər. Ancaq telekanalın rəhbərliyi bu cür tamaşaçıları “ortodoksal tamaşaçı” adlandırır.

Əvvəlki “100ТВ” kanalının əksər əməkdaşları Sankt-Peterburqun başqa KİV-lərinə keçmək məcburiyyətində qalıblar. “Life78” qalıb işləyən əsl peşəkar və ziyalı jurnalistlərdən biri kanala yeni təyin olunmuş baş redaktorun apardığı müşavirədə sonuncunun qadınlar olan yerdə söyüş və təhqiramiz sözlər işlətməsinə etirazını bildirərək “bizim şəhərdə belə adət yoxdur” deyib. Ertəsi gün qoca olduğunu bəhanə gətirərək həmin əməkdaşı işdən azad ediblər. ("Azərtac")


Müəllif:

Oxşar xəbərlər