"Bu görüş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya və ABŞ-ın birgə səylərini bir daha təsdiq edir".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu MDB ölkələri institutunun direktor müavini Vladimir Jarixin Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Vyanada planlaşdırılan görüşü barədə deyib.
Onun sözlərinə görə, belə bir görüşün keçirilməsi münaqişənin həlli və hazırki vəziyyətin stabilləşməsi üçün çox vacibdir: "Hesab edirəm ki, hər iki tərəfin arqumentlərini dinləmək lazımdır. Hazırki vəziyyətdə İlham Əliyev və Serj Sarkisyan Minsk qrupunun həmsədrlərinin fikirləri ilə razılaşmalıdır".
Milli strategiya üzrə Şuranın baş direktoru Valeri Xomyakov isə deyib ki, Əliyev-Sarkisyan görüşündən konkret nəticə gözləmək lazım deyil: "Ancaq tərəflər görüşlərin müntəzəm xarakter alması barədə razılıq əldə edə bilərlər. Liderlərin görüşməsi çox vacibdir. Görək onlar bir-biri ilə necə davranacaq. Birinci addımı keçsələr, münaqişə ətrafında ehtirasların səngiməsinin sonrakı bazasının əsasını qoya bilərlər".
"Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında birinci növbədə Moskva və Vaşinqton maraqlıdır" - bu sözləri isə Beynəlxalq humanitar-siyasi araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter bildirib. Onun sözlərinə görə, tərəflər münaqişənin gərginləşməsindən qaçmalıdır.
Samir