Ukrayna Ali Radasının deputatı, Milli Qəhrəman Nadejda Savçenko Ukrayna millətçilərinin liderlərindən biri, “Sağ sektor” təşkilatının keçmiş rəhbəri Dmitri Yaroşla görüşüb.
Publika.az xəbər verir ki, bu haqda Dmitri Yaroş özünün “Facebook”dakı səhifəsində yazıb.
Onlar birlikdə Ukrayna hərbi qulluqçularının Avdeyevka şəhəri və Şirokino qəsəbəsindəki mövqelərinə baş çəkiblər.
“Döyüşçüləri hər şeydən əvvəl maraqlandırırdı ki, biz nə vaxt hücuma keçəcəyik. Nadejda Savçenko hesab edir ki, ukraynalıların qanının mümkün qədər az tökülməsi üçün hər şeyi etmək lazımdır. O, diversiya qruplarının köməyilə müharibənin aparılmasını dəstəkləyir”, - o, qeyd edib.
Yaroş əlavə edib ki, Savçenko poliqonda Ukrayna millətçiləri tərəfindən istehsal edilmiş “unikal eksperimental silahı” sınaqdan keçirib.
Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də Rusiya prezidenti Vladimir Putin fərmanı ilə azad edilib.