Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilib. O, qəsdən qanundankənar kütləvi aksiyaların təşkilində və keçirilməsində şübhəli bilinir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a partiyanın nümayəndəsi Vardan Voskanyan məlumat verib.
“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan saxlanılıb. Bu informasiyanı partiyanın nümayəndəsi Vardan Voskanyan “Sputnik Ermənistan”a təsdiqlədi”, – deyə agentlik yazır.
“Sputnik Ermənistan” qeyd edir ki, Vanetsyan polisin qanuni tələblərinə tabe olmamaqda, qəsdən qanundankənar kütləvi aksiyalar təşkil etməkdə, həmçinin, hərbi vəziyyətlə müəyyən edilmiş müvəqqəti məhdudiyyətləri pozmaqla ağır nəticələrə səbəb olmaqda şübhəli bilinir.
Qeyd edək ki, çərşənbə günü İrəvanda müxalifətin kütləvi etiraz aksiyası keçirilib. İştirakçılar Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağda atəşkəsə dair müqavilə imzalaması səbəbindən istefasını tələb ediblər. Aksiyanın təşkilatçılarından biri Qeqam Manukyan bildirib ki, Artuq Vanetsyanın parlament binası qarşısındakı mitinqdən söhbət üçün Milli Təhlükəsizlik Xidmətinə çağırıblar. Orada da həbs ediblər.