10 Dekabr 2020 12:31
14 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Paşinyan məşhur kapitulyasiya sənədinin imzalanmasından bir neçə gün sonra istefa verməyəcəyini açıqladı. Əksinə özünün icra edəcəyi altı aylıq bir “Yol xəritəsi” təklif etdi. Əslində bu, cəmiyyətlə hökumət arasında müqavilə bağlamaq təklifidir: hökumətin dərhal istefası tələblərindən imtina etmək, ona vaxt vermək və daxili siyasi vəziyyəti sabitləşdirmək, fəlakətin nəticələrini minimuma endirmək və inamlı inkişaf yoluna qayıtmaq. Yəni Paşinyan istefa tələbinin vaxtını təxirə salmağı və yalnız altı aydan sonra mümkün hakimiyyət dəyişikliyi mövzusuna qayıtmağı təklif edir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Boqdan Atanesyan deyib.

Jurnalistin fikrincə, Nikol Paşinyan bu müddət ərzində ictimai emosiyaların azalacağını, insanların stresdən qurtulacağını, baş verənlərin ağrısının azalacağını və gündəlik həyatda problemlərə qapılmanın kütlənin siyasi fəaliyyətini üstələyəcəyinə ümid edir: “Bu müddət ərzində hökumət möhlət alacaq, prioritetləri müəyyənləşdirəcək və guya ölkənin sıçrayışlı inkişafına yönəlmiş hiperaktiv işi həyata keçirəcək.

Göstərilən səbəblər arasında Paşinyanın üçtərəfli sənədin məlum 9 bəndinə əlavə olaraq, xalqından gizlicə Sünik bölgəsinin (Zəngəzur) bir hissəsini Azərbaycana verəcəyinə dair İlham Əliyevə söz verdiyinə görə erkən istefasının vaxtını təxirə saldığına dair bir fikir də var. Bu versiyaya görə, Paşinyan, ilk növbədə, Əliyevdən 6 aylıq əlavə vaxt istəyib və razılığın yerinə yetirilməsi üçün əvvəlcə Qarabağın itirilməsi ilə bağlı ictimai etirazları boğmaq lazım olduğunu bildirib”.

Atanesyanın iddiasına görə, Zəngəzurun itirilməsinin başqa bir hipotetik ssenarisi var ki, Rusiya da bunun qarşısını ala bilmir:

“Söhbət bəzi beynəlxalq ekspertlərin fikrincə, Donald Trampın vəzifədən getməsindən əvvəl başlaya biləcək mümkün anti-İran hərbi kampaniyasından gedir. ABŞ və İsrail İrana savaş başlasa, bundan ən böyük itirən biz olacağıq”.

Boqdan Atanesyan qeyd edir ki, Moskva NATO ölkələri ilə şiddətli bir qarşıdurmaya girməmək, Üçüncü Dünya Müharibəsinə səbəb olmamaq üçün səssizcə Mehridəki qüvvələrini geri çəkir:

“Beynəlxalq ictimaiyyət də buna susur. Ermənistan hökuməti cəmiyyəti barışmağa, baş verənlərin qaçılmazlığını dərk etməyə və hətta bu yolla iranlı qaçqınların Ermənistana gedən yolunun bağlandığına sevinməyə çağırır. Təzminat olaraq Ankara və Bakı İrəvana ticarət üçün logistika təmin edəcəyini, viza rejimini ləğv edəcəyi vədini verir. Ermənistan hakimiyyəti bu vəziyyəti qaçılmaz olaraq oynayır, ancaq, eyni zamanda, ölkənin inkişafı və dinc həyatı üçün bir çox müsbət imkanlar açır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər