Ermənistan hakimiyyəti və Soros Fondunun arasından qara pişik keçib. Əks təqdirdə, fond tərəfindən maliyyələşdirilən bir sıra qurumların növbədənkənar parlament seçkiləri keçirilməsi tələbini izah etmək mümkün deyil. Paşinyanın dünənki müttəfiqləri indi erkən seçki fikrindən imtina etməsindən narazıdırlar. Bu məsələnin gündəmə qaytarılmasını tələb edən bir açıqlama ötən gün 10 Soros təşkilatı tərəfindən verilib: Məlumatlı Vətəndaşlar Birliyi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, Gümrü Asparez Jurnalistlər Klubu, Beynəlxalq Antikorrupsiya Mərkəzi və s.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Müraciətin müəllifləri hakim “Mənim addımım” fraksiyasının fevralın 7-də Baş nazir Nikol Paşinyanla görüşündən sonra ölkədə erkən parlament seçkilərinin keçirilməsi üçün ictimai zəminin olmadığı elan edildiyi bəyanatını “manipulyasiya” adlandırıblar. .
Sorosun təşkilatları mövcud hökumətin cəmiyyətin etimadından istifadə etmədiyini, müharibədən sonra ortaya çıxan təhdid və problemlərin öhdəsindən gəlməyin mümkün olmadığını düşünərək bununla razılaşmırlar.
Politoloq Yervand Bozoyanın fikrincə, erkən seçki tələbi Soros Fondunun Ermənistanla bağlı əsl niyyətlərini nümayiş etdirir. Ekspert cəmiyyətin həddindən artıq qütbləşməsi şəraitində keçiriləcək seçkilərin ölkədəki qeyri-sabit durumu daha da dərinləşdirəcəyini söyləyib:
“Belə bir vəziyyətdə siyasi rəqabət əsl müharibəyə çevriləcək. Paşinyan komandası üçün fiziki təhlükəsizlik zəmanəti olmadığı üçün seçkilərin nəticəsi həyati əhəmiyyət daşıyır. Qalan qüvvələr baxımından Paşinyanın hakimiyyətinin davam etməsi ölkə üçün dağıdıcıdır. Seçki mübarizəsi elə bir antaqonist paradiqmada aparılacaq ki, yeni sarsıntıların şahidi ola bilərik”.
Bozoyan qeyd edib ki, Paşinyan hələlik Soros Fondu ilə koalisiyadadır və parlamentdəki hakim fraksiyadan təxminən 25-30 millət vəkili fondun himayədarıdır və baş nazirə itaət etmir: “Eyni şeyi bəzi nazirlər üçün də demək olar”.
Paşinyanın uğursuzluğunun səbəblərinə gəldikdə, Bozoyan qeyd edib ki, Paşinyan həm Sorosun, həm də Rusiyanın stulunda oturmağa çalışırdı:
“Xarici siyasətində tamamilə anti-Rusiya vektorunu seçən Ukrayna və Gürcüstandan fərqli olaraq, Paşinyan rəhbərliyindəki Ermənistan bir tərəfdən Rusiya ilə işləməkdə davam etdi, digər tərəfdən Sorosla. Bir növ kompromis tapmaq və iki stulda oturmaq istədi. Nəticədə hər iki stul Paşinyanın altından götürüldü. Soros Paşinyanın Rusiya ilə normal münasibətləri davam etdirməyə çalışmasından narazıdır. Buna görə Rusiya da Paşinyana etibar etmir. İndi Paşinyanın mövqeləri zəiflədiyi üçün Soros Fondu onun yerinə namizəd tapmağa çalışır”.
Bozoyan əmindir ki, Qərb Ermənistanı Rusiyadan qoparmaq üçün əvvəldən Sorosdan istifadə edib: “Ancaq Paşinyan bunun necə bir təhlükə olduğunu başa düşdü, dərhal Ermənistan üçün dağıdıcı olan bu prosesə bəzi düzəlişlər etməyə çalışdı”.