Hakim “Mənim addımım” blokundan olan bir qrup deputat Ermənistan Baş naziri Nikol Paşinyana müraciət edərək təhlükəsizliyinin təhdid altında olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni nəşri “Joxovurd” məlumat yayıb.
Qəzetin yazdığına görə, son vaxtlar “Mənim addımım” blokunun deputatları vətəndaşların təcavüzü ilə üzləşiblər:
“Məlumatlı mənbələr kütlənin qəzəbi ilə qarşılaşan millət vəkilləri Sona Qazaryan, Kristina Poqosyan, Nazena Bağdasaryan və digər bir neçə millət vəkilinin baş nazirdən təhlükəsizlik zəmanəti istədiklərini söyləyiblər”.
Paşinyan buna cavab olaraq, deputatlarına hüquq mühafizə orqanları ilə əlaqə saxlamağı, bu məsələlərlə məşğul olmaq üçün polisə şikayət etmələrini tövsiyə edib.
Qəzetin məlumatına görə, artıq bəzi millət vəkilləri polisdən hücumlardan qorunmalarını istəyib.
Nəşr hücumların Ovik Aqazaryan, Akop Aslanyana qarşı həyata keçirildiyini xatırladır. Bundan əlavə, Kristina Poqosyanı döyməyə cəhd göstərilib.
Bundan əvvəl, Ermənistanın ombudsmanı Arman Tatoyan hakim blokun deputatlarının yaşadıqları evlərin önünə tabutların qoyulmasını qınayıb. Hakimiyyət əleyhdarları Andranik Köçəryan və Qraçya Akopyanın evlərinin önünə tabutlar, çələnglər və onların fotolarını qoyublar. Ombudsman baş verənləri təxribat adlandırıb.