General Arşak Karapetyanın Ermənistan müdafiə nazirinin birinci müavini təyin edilməsindən sonra Müdafiə Nazirliyində istefalar paradı başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Sayt Karapetyanın nazirliyin bəzi idarə rəisləri ilə münasibətlərinin gərgin olduğunu, vaxtilə onları təhqir etdiyini və söydüyünü bildirib: “İndi isə bəzi yüksək vəzifəli şəxslər Karapetyan onlara qapını göstərmədək vəzifələrindən könüllü getmək qərarına gəliblər”.
Saytın məlumatına görə, artıq nazirliyin maddi-texniki təminat, kadr, hüquq və hərbi təhsil siyasəti baş idarələrinin, eləcə də bir sıra tabe strukturların rəhbərləri istefa ərizələrini yazıblar.
Qeyd edək ki, Karapetyan iyulun 20-də Baş nazir Nikol Paşinyanın qərarı ilə müdafiə nazirinin birinci müavini təyin edilib. O, bundan əvvəl baş qərargah rəisinin müavini vəzifəsini tutub. General bundan sonra müvəqqəti olaraq, istefa vermiş müdafiə naziri Vaqarşak Arutyunyanın səlahiyyətlərini icra edəcək.