Ermənistan Baş naziri Nikol Paşinyanın qərarı ilə Konstitusiya İslahatları Şurasının formalaşdırılması prosesinə start verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, əvvəlki şura ləğv edilib, yeni şuraya ədliyyə naziri Karen Andreasyan başçılıq edəcək.
Yaxın günlərdə şuranın tərkibi baş nazir tərəfindən təsdiqlənəcək, daha sonra şura konstitusiya islahatları layihəsini hazırlayacaq 5 mütəxəssisdən ibarət komissiya yaradacaq.
Qeyd edək ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq niyyətini açıqlayan rəsmi İrəvandan əsas tələb bu iki ölkəyə qarşı ərazi iddialarından imtina etməklə bağlıdır. Ermənistanın hər iki ölkəyə qarşı ərazi iddiaları ermənilərin konstitusiyasında da öz əksini tapıb. Paşinyanın yeni konstitusiya islahatlarında bununla əlaqədar müddəaların çıxarılacağı da Ermənistanda müzakirə edilən əsas mövzulardan biridir. Ermənistan baş nazirinin hansı qərarı verəcəyi isə keçiriləcək referendumda bəlli olacaq.