“Nikol Paşinyan niyə istefa verməlidir? Bunun üçün heç bir əsas yoxdur, o, istefa verməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu parlamentdəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Lusina Badalyan deyib.
O, Ermənistan baş nazirinin ötən il keçirilən parlament seçkilərində inamlı qələbə qazandığını və cəmiyyətdə onun istefası tələbinin olmadığını bildirib.
Müxalifətin Nikol Paşinyanın istefa verməli olması ilə bağlı açıqlamalarına toxunan Badalyan xatırladıb ki, seçkilərdən bir ildən az vaxt keçib və “Vətəndaş Müqaviləsi” fraksiyasının cəmiyyətin neçə faizinin səsini aldığı hamıya məlumdur.
“İstefa verib-verməmək nə deməkdir? Bunun üçün siyasi gündəm təqdim edilməlidir, müxalifətin isə belə bir gündəmi yoxdur. Sadəcə olaraq, bəzi insanlar çox inadkardırlar və bəzi suallara cavab verə bilmirlərsə, bu o demək deyil ki, Nikol Paşinyan getməlidir. Hakimiyyət ev deyil ki, o, buradan çıxıb harasa getsin”, - Lusina Badalyan vurğulayıb.