Bu gün səhər saatlarından etibarən revanşist erməni müxalifətinin tərəfdarları paytaxt İrəvanın küçələrində aksiyalara başlayıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, yürüş Fransa meydanından start götürüb.
“Biz təzyiqləri, binaların blokadasını, itaətsizlik aksiyalarını gücləndirməyə davam edirik”, - vitse-spiker, Ermənistan blokundan olan deputat İşxan Saqatelyan bildirib.
Qeyd edək ki, səhər saat 08:00-da başlayan aksiya zamanı yürüşçülərin bir hissəsi Baqramyan prospekti ilə qalxaraq parlamentin qarşısından prezidentin iqamətgahına çatıb.
Burada etirazçılar dayandırılıb. İqamətgahın darvazaları qarşısına bir neçə cərgə polis düzülüb. Deputatlar və fəallar əvvəlki kimi təxribat və insidentlərin qarşısını almaq üçün polislə aksiya iştirakçıları arasında dayanıblar.
“Əvvəllər xəbər verildiyi kimi, etiraz olaraq iqamətgahın müxtəlif şöbələri bloklanacaq. Vətəndaşlarımızın etirazı o deməkdir ki, bu departamentlər uzun müddət Ermənistanın və ermənilərin maraqlarına xidmət etmir”, - Ermənistan fraksiyasından deputat Geqam Manukyan bildirib.
Prezident iqamətgahın digər iki girişi də bağlanıb.