“Rusiya xarici işlər naziri Sergey Lavrov həmişə ölkəmizi məhvə sürükləmək istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qaqik Melkonyan Baş nazir Nikol Paşinyanın niyə Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Hakim partiyanın üzvü qeyd edib ki, Ermənistan bir neçə dəfə strateji müttəfiqi Rusiyaya müraciət etsə də, dəstək almayıb, ona görə də onlara üz tutmağın mənası yoxdur.
“Bir neçə dəfə müraciət etdik. Nə KTMT, nə də müttəfiq dövlət cavab verdi. Bildirdilər ki, bunlar sərhəd döyüşləridir. İndi onlarla əlaqə saxlamağın mənası yoxdur, zəng etmək mənasızdır”.
Melkonyan Lavrovun Ermənistanda KTMT qüvvələrinin yerləşdirilməsi ilə bağlı razılığın olduğunu, amma İrəvanın bundan son anda imtina etdiyini bildirməsinə toxunaraq söyləyib:
“Lavrov həmişə nəsə deyir, biz onun dediklərini əsas götürmürük və qəbul etmirik. Lavrov daim ölkəmizi məhv etmək istəyir.
Rusiya həmişə yerimizi müəyyən edib, yerimizi fikirləşib, hara getməli olduğumuzu, kiminlə dostluq etməli olduğumuzu, kiminlə olmamalı olduğumuzu söyləyib.
Özümüzə güvənməliyik, amma dostlar da axtarmalıyıq. İndiyə qədər həmişə ümidimizi Rusiyaya bağlamışıq. İndi Rusiya elə bir durum yaradıb ki, ya Rusiya, ya da Türkiyə olmalıdır. Qarşımıza belə qoyulub. Biz həmişə özümüzü sona qədər Rusiyaya həsr etmişik, amma nəhayət, başqa ölkələr də var. Biz indi Hindistanla, ABŞ-la, Avropa ölkələri ilə, həmçinin İranla yaxınlaşmağa başlayırıq”.
Melkonyan Rusiyada narazılığa səbəb olan Ermənistan-ABŞ hərbi təlimlərinə də diqqət çəkib:
“Fikirləşirsən ki, ruslar bizim haqqımızda necə düşünəcək, nə edəcəklər. Kiminlə məşq edəcəyimizə biz qərar veririk, qoy o, nə düşünür-düşünsün”.