Ermənistanın Rusiyadan başqa gedəcək yeri yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
Ekspert hesab edir ki, Ermənistan yenidən Qərbdən üz döndərərək Rusiyaya dönməyə məcbur olacaq:
“Vəziyyət çox sürətlə, köklü şəkildə dəyişir, əvvəllər verdiyim təhlükəli sunaminin Şimaldan - Rusiyadan yox, Cənubdan - Yaxın Şərqdən gəlməsi ilə bağlı proqnozum özünü doğruldur. Regionda sabitlik pozulub, təlatüm baş verir, bu gəlişmələr Ermənistanın xarici siyasətini şərtləndirəcək.
Ermənistan indi çox çətin vəziyyətdədir, baxmayaraq ki, müharibə 2020-ci ildə bitib, amma Azərbaycanla sülh müqaviləsi hələ də imzalanmayıb. Ortada bir də Rusiyanın vasitəçiliyi ilə imzalanmış 10 noyabr anlaşması var. Türkiyə ilə də münasibətlər tənzimlənməyib, xüsusi nümayəndələr nə deyirlər desinlər, bəzi rejimləri asanlaşdırmaq istiqamətində necə çalışırlar çalışsınlar, Türkiyə ilə diplomatik və ticari-iqtisadi əlaqələrin bərpa edilmədiyi göz önündədir.
Çox güman ki, oktyabrda keçiriləcək parlament seçkilərindən sonra Gürcüstanın xarici siyasətində ciddi dəyişikliklər olacaq. Ermənistanın tərəfdaşı kimi çıxış edən Gürcüstan öz mövqeyini dəyişə bilər və Ermənistan bataqlıqda sıxışıb qalacaq.
Ümid etdiyi Qərbə getmək çox çətin olacaq, Qara dənizdən keçmək istəsə, qarşıda Ukrayna var, bəlkə də tezliklə Odessa və bütün Ukrayna limanları Rusiyanın nəzarətinə keçəcək, təkcə Rumıniya və Bolqarıstan qalacaq. Bu durumda Ermənistan harada yer alacaq?
Deməli, İrəvan Moskvanı bəyənsə də, bəyənməsə də, Moskva ilə körpüləri yenidən inşa etməyə məcbur olacaq. Bu, isti qucaqlaşma və ya ehtiraslı öpüş olmaya bilər, amma qarşılıqlı maraqlara əsaslanan normal əməkdaşlıq ola bilər”.