30 May 2017 15:10
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula 1 yarışının keçiriləcəyi Bakı Şəhəri Halqasının yaxınlığında yerləşən 50-ə yaxın şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində yarışa bileti olan tamaşaçılara xidmətləri 20 %-dək endirimli qiymətlərlə təklif edəcək.

Teleqraf.com xəbər verir ki, bu, mayın 30-da Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Turizm və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyi (TMMİD) arasında “Formula 1 Azərbaycan Qran Prisinin ölkə turizminin inkişafına dəstəyi” layihəsi çərçivəsində əməkdaşlığa dair imzalanan anlaşma memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, layihəyə qoşulan şirkətlərlə TMMİD İctimai Birliyi arasında ikitərəfli müqavilə imzalanır və bu layihədə iştirak edən hər bir şirkət 2017 Formula 1 Azərbaycan Qran Prisinə bileti olan müştərilərinə xüsusi endirimli qiymətdə xidmət göstərməyi öz üzərinə götürür.

Layihənin keçirilməsində əsas məqsəd kiçik və orta sahibkarlar daxil olmaqla ümumilikdə yerli biznes üçün səmərəli maliyyə imkanları yaradaraq Azərbaycanda özəl sektorun inkişafına dəstək verməkdir.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai endirim kampaniyasının hamıya faydasının olacağını bildirib: “Sözsüz ki, bu endirim kampaniyası tamaşaçılarla yanaşı sahibkarlara da böyük fayda verəcək. Bakıda baş tutacaq möhtəşəm Formula 1 yarışını izləməyə gələn minlərlə tamaşaçı həftəsonu məhz endirimlərin olduğu yerlərə üz tutacaqlar və bu da öz növbəsində həmin şirkətlərin daha çox gəlir qazanmasına imkan yaradacaq. Nəticədə bu yarışdan hamı qazanclı çıxacaq”.

TMMİD İctimai Birliyinin sədri Kəmalə Məmmədova layihənin uzunmüddətli olacağına inandığını deyib: “Son illər ölkəmizə gələn əcnəbilərin sayında ciddi artım müşahidə olunur. Vaxtilə istirahət üçün Avropaya gedənlər artıq turist kimi Azərbaycana gəlməyi üstün tuturlar. Biz də yaranmış bu fürsətdən səmərəli istifadə edərək Bakıda bu yay keçiriləcək Formula 1 yarışı ərəfəsində ölkə turizminin inkişafına müəyyən dərəcədə dəstək göstərmək üçün bu layihəni irəli sürdük. Çox qısa müddət ərzində onlarla şirkət bu kampaniyaya qoşulmaq istədiklərini bildirdilər. İnanırıq ki, növbəti mərhələlərdə bu layihəyə maraq daha da artacaq və biz layihəni uzunmüddətli keçirməyə çalışacağıq”.

Layihə çərçivəsində keçirilən endirim kampaniyasına iyunun 1-də start verilir və bu kampaniya iyulun 15-dək davam edəcək. Əməliyyat şirkəti layihəyə qoşulan şirkətlərə obyektlərin girişində diqqəti cəlb edəcək yerə yapışdırmaq üçün kampaniyaya dair xüsusi endirim nişanları (stikerlər) verəcək.

Qeyd edək ki, indiyədək layihəyə ümumilikdə 46 şirkət qoşulub. Onlar arasında milli, Avropa, Asiya və türk mətbəxlərinə aid restoranlar, milli xüsusiyyətləri əks etdirən suvenirlərin, ev və zinət əşyalarının satışa çıxarıldığı mağazalar, gözəllik salonları və SPA mərkəzləri, şərab evləri, klinikalar, hotellər və sair sahələr üzrə ixtisaslaşmış biznes obyektlərinə rast gəlmək mümkündür.


Müəllif: Nərgiz

Oxşar xəbərlər