23 İyun 2016 15:47
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yay sessiyasının dördüncü iş günündə serbiyalı deputat Vesna Maryanoviçin hazırladığı “Mədəniyyət və demokratiya”, eləcə də Fransadan olan deputat Pyer Le Bornun müəllifi olduğu “Vətəndən xaricdə yaşayan icmaların təhsil və mədəniyyət şəbəkəsi” adlı məruzələr müzakirə olunub.

Teleqraf.com xəbər verir ki, 30-dan artıq Assambleya üzvünün qatıldığı fikir mübadilələrində çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə diqqəti mədəniyyət anlayışının demokratik mahiyyətinə yönəldərək deyib ki, əslində “homo sapiens” elə mədəni insan deməkdir və mədəniyyət həyatın hər sahəsinə aiddir.

Onun sözlərinə görə, yəni, peşəkar mənada mədəniyyətdən savayı, siyasətdən tutmuş iqtisadiyyata qədər, birgəyaşayışdan başlamış müharibəyə qədər hər istiqamətin özünə xas olan fəaliyyət, mövcudluq mədəniyyəti var. O, deyib ki, zərif mədəniyyət anlayışı ilə kobud müharibə məfhumu zahirən təzadlı görünə bilər. Millət vəkilinin fikrincə, lakin mahiyyətə enəndə görürsən ki, müharibənin özünün də müəyyən aparılma mədəniyyəti, tabe olmalı olduğu humanitar və hüquqi qaydalar var: “Eyni zamanda, müharibənin artıq peşəkar mənada mədəniyyətə, mədəni sərvətlərə münasibətdə yerinə yetirməli olduğu müəyyən beynəlxalq tələblər də mövcuddur. Mədəniyyət bəlkə də ən demokratik dəyərlər sistemidir. Çünki mədəniyyət sərhəd, milli, dini məhdudiyyət tanımır və bütövlükdə insanlığa məxsusdur. Ona görə də mədəniyyətə, mədəni sərvətlərə qarşı edilən istənilən mənfi hərəkət elə demokratiyaya, demokratik dəyərlər sisteminə qarşı həqarət deməkdir”.

Daha sonra diqqəti Ermənistanın apardığı təcavüz siyasətinə yönəldən deputat bu işğalın mədəniyyətimizə vurduğu zərbələrlə bağlı faktları səsləndirib: “Bütün həyatım boyu mən mədəniyyət məsələləri ilə məşğul olmuşam və bu gün də öz ölkəmdəki ən böyük muzeylərindən birində çalışıram.
Artıq 25 ildir ki, Azərbaycandakı 200-dən artıq muzeyin 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İndi “mədəniyyət və demokratiya” prizmasından Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bu irsi və sərvətlərinin taleyini araşdırarkən xeyli narahat bir mənzərə ortaya çıxır. Bu sərvətin arasında elələri var ki, yaşı yüzillərlə deyil, minillərlə ölçülür. Bu isə o deməkdir ki, həmin irs lap çoxdan Azərbaycanla yanaşı bütün bəşəriyyətə aid olan mirasdır. Lakin təssüflər ki, onların əksəriyyəti ya məhv edilmiş, ya da qəsb edilərək erməniləşdirilib”.

Ermənilərin tarixi saxtalaşdırmasına dair əyani nümunəni misal çəkməklə deputat əslində belə cəhdlərin də arxasında işğala süni tarixi zəmin yaratmaq niyyəti olduğunu bildirib: “Ermənistanın işğal altında saxladığı Laçın rayonunda dördüncü əsrə aid Ağoğlan qəsri qalıb. 2006-cı ildə erməniər həmin qəsrin divarlarına 26 yazılı daş lövhə əlavə ediblər ki, guya bu abidənin onlara məxsusluğuna tarixi sübut yaratsınlar. Digər tərəfdən həm də o təsəvvürü oyatmağa çalışıblar ki, guya bu yerlərə gəlmə deyillərmiş, buralarda elə orta əsrlərdən bəri yaşayırmışlar. Lakin tarixi belə asanlıqla saxtalaşdırmaq mümkün deyil. İş ondadır ki, hələ XX əsrin 70-ci illərində Azərbaycan arxeoloqları və tarixçiləri həmin abidəni müfəssəl araşdıraraq tam təsvirini əhatə edən kitablar buraxıb, dissertasiyalar yazıblar. Bu danılmaz dəlillər isə erməni yalanlarını dərhal və qeyd-şərtsiz ifşa edir. Ermənistan “Mədəniyyət və demokratiya” müstəvisində belə miskin görünür. Halbuki “Silahlı münaqişlər baş verdikdə mədəni sərvətlərin qorunması” haqqqında 1954-cü il Haaqa konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il UNESCO konvensiyası həmin irsə tamam başqa münasibəti tələb edirdi”.


Cavad


Müəllif:

Oxşar xəbərlər