Cari il aprelin əvvəlində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarının tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu ərazilərində, əsasən Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarında yerləşən yaşayış məntəqələrini və mülki obyektləri iri çaplı silahlardan, mina və qumbaraatanlardan, artileriya qurğularından intensiv atəşə tutmaları nəticəsində 6 nəfər mülki şəxs ölmüş, 25 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, artileriya qurğularından atılmış mərmi zərbələri nəticəsində vətəndaşların 641 yaşayış evinə və 22 sosial obyektə ziyan dəymiş və ya onlar dağıdılaraq tam yararsız hala salınmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.
Baş prokuror vurğulayıb ki, Ermənistan tərəfindən silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulması, eləcə də mülki əhalinin milli zəmində düşmənçilik niyyətilə qəsdən öldürülməsi və digər faktlara görə Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayon prokurorluqlarında dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanaraq qısa müddətdə təxirəsalınmaz istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün istintaq-əməliyyat qrupları yaradılıb.
Z.Qaralov bildirib ki, cinayət işləri üzrə dağıdılmış evlərə və sosial obyektlərə müvafiq komissiyaların üzvlərinin iştirakı ilə müasir texniki vasitələrdən istifadə etməklə hərtərəfli baxış keçirilmiş, Ermənistan silahlı qüvvələrinin törətdikləri cinayətləri təsdiq edən maddi sübutlar aşkar edilərək götürülmüş, dəymiş ziyanının məbləğinin, mülki şəxslərin ölümünün səbəblərinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar keçirilməklə rəylər alınmış, çoxsaylı zərərçəkmiş şəxslər və şahidlər dindirilmiş, erməni vəhşiliklərini sübut edən zəruri sənədlər əldə olunaraq cinayət işlərinin materiallarına əlavə edilmişdir. Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.