Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının “Vətəndaşların konstitusiya hüquqlarının müdafiəsi və təmin edilməsi” mövzusunda keçirilən 3-cü konqresində iştirak etmək üçün avqustun 8-dən 11-dək İndoneziyanın Nusa-Dua şəhərində rəsmi səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, konqresin açılışında İndoneziya Prezidenti Coko Vidodo çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Asiya ölkələrinin Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Sonra İndoneziya Konstitusiya Məhkəməsi sədrinin, parlamentin və digər ali dövlət orqanları rəhbərlərinin məruzələri dinlənilib.
Konqresdə Asiya ölkələrinin Konstitusiya məhkəmələri sədrlərinin, hakimlərinin və aparat rəhbərlərinin çıxışlarında məhkəmələrin qəbul etdikləri qərarlarda yeni hüquqi mövqelər, tətbiq edilən konstitusiya prinsipləri, konstitusiya islahatları və digər hüquqi məsələlərə toxunulub.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev nitqində konstitusiya hüquq və azadlıqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Konqresdə, həmçinin Asiya Konstitusiya Məhkəmələri Assosiasiyasının Seul və Cakarta şəhərlərində təsis olunması barədə qərar qəbul edilib.
Səfər çərçivəsində Fərhad Abdullayev İndoneziya Konstitusiya Məhkəməsinin sədri Arif Hidayət ilə görüşüb. Söhbət zamanı iki ölkənin Konstitusiya məhkəmələri arasında məhkəmə-hüquq əməkdaşlığı məsələləri müzakirə olunub.
Tədbirlərdə Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev də iştirak edib.