“Elm haqqında” qanun layihəsi uzun müddət idi ki, cəmiyyətdə geniş müzakirə olunurdu. Nəhayət, Milli Məclisin sonuncu yaz sessiyası zamanı qanun layihəsi müzakirəyə çıxarıldı. Sənəd geniş müzakirə olundu və millət vəkilləri tərəfindən bir sıra dəyərli təkliflər irəli sürüldü. Həmin təkliflərin müəyyən hissəsi qanun layihəsinə daxil edildi”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, bütövlükdə, “Elm haqqında” qanunun əhəmiyyəti böyükdür: “Çünki qanun dövlətin elm siyasətinin tənzimlənməsində ciddi hüquqi baza rolunu oynayır. “Elm haqqında” qanun elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirir. Qanun, eyni zamanda, vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradır.
Son illər elmdə aparılan islahatlar müsbət nəticələr verir. Bunun nəticəsində də Azərbaycan elmi və elm adamları beynəlxalq səviyyədə daha diqqətlə qarşılanır. Bu baxımdan, qanun elmin inkişafına, bu sahədə aparılan islahatlara təkan verəcək. Sənəddə həmçinin, elmi işçinin hüquq və vəzifələri, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər də əksini tapıb. Hesab edirəm ki, qanun elmin inkişafına böyük töhfələr verəcək”.
Deputat XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı da fikirlərini bölüşüb. O, qeyd edib ki, dünyanın ən mötəbər idman yarışında idmançılarımızın mübarizəsini maraqla izləyib:
“Uğurlarımız yüksəkdir və bu münasibətlə idmançılarımızı təbrik edirəm. Azərbaycan son Olimpiya Oyunları ilə müqayisədə medalların sayını artırdı. Biz bu dinamikanı gözləyirdik.
Hesab edirəm ki, qazanılan uğur Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqətin parlaq nümunəsidir. İnanıram ki, gələcək beynəlxalq idman yarışlarında nailiyyətlərimiz daha yüksək olacaq”.
K.Əliyeva qeyd edib ki, Azərbaycan mötəbər beynəlxalq tədbirlərin məkanı kimi dünyada böyük nüfuz sahibidir: “Bu tədbirlər müxtəlif sahələri əhatə edir. IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar da bu baxımdan əhəmiyyətlidir. Bu fakt Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləməklə yanaşı, İslam dünyasında da nüfuzunun göstəricisidir.
Həyata keçirilən siyasət Azərbaycanın İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmiz müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Ümumiyyətlə, bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir.
Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır”.
Səxavət HƏMİD