30 Avqust 2016 15:25
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanı qəbul edib.

Dövlət başçısı Motome Takisavanın ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını, ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

İyirmi ildən artıq bir müddət ərzində ölkələrimizin uğurlu əməkdaşlığının həyata keçirildiyini deyən prezident İlham Əliyev əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğulayıb. Ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu qeyd edən dövlət başçısı Yaponiyanın çoxlu sayda şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirak etdiyini, biznes strukturları arasında əlaqələrin yaxşı perspektivləri olduğunu bildirib. “Bizim əlaqələrimiz çoxşaxəlidir” deyən prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib, bu səfərin əlaqələrimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından önəmini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması üçün əlverişli imkanların olduğu qeyd edilib, neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparılıb, bu sahələrin yaxşı perspektivləri olduğu bildirilib.

Prezident İlham Əliyevin idmanı qəlbən sevən bir dövlət xadimi olması barədə məlumatlı olduqlarını deyən Motome Takisava Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların maraqla izlənildiyini bildirib. O, birinci Avropa Oyunlarının Bakıda uğurla keçirildiyini vurğulayaraq Azərbaycan prezidentinə 2020-ci il Tokio Olimpiadasına Yaponiya tərəfinin dəvətini çatdırıb. Qonaq Azərbaycan və Yaponiya idmançılarının Rio-de-Janeyro Olimpiadasında uğurlu nəticələr əldə etməsini məmnunluqla qeyd edib.

Dövlət başçısı 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.


Müəllif:

Oxşar xəbərlər